Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) ali məktəblər üçün “İnklüziv inkişafın idarə edilməsinin əsasları” adlı dərsliyi beynəlxalq elektron ticarət platforması olan “Amazon” saytında yayımlanır.

 

DİA-dan bildirilib ki, müəllifi rektor, akademik Urxan Ələkbərov olan dərslik, eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında yer alan davamlı inklüziv cəmiyyətin qurulması və idarə edilməsi sahəsində bilik və bacarıqların formalaşdırılmasına, daim təkmilləşdirilməsinə həsr olunub.

 

Azərbaycan, rus və ingilis dillərində çap edilən əsər dünyada inklüziv inkişafın idarə edilməsi sahəsində ilk dərslikdir. Dərsliyin yaranmasının əsasında Azərbaycanda inklüziv cəmiyyətin inkişafı sahəsində qazanılan nailiyyətlər və  ölkənin mövcud iqtisadi potensialından ən yüksək istifadə səmərəliliyini təmin edən uğurlu örnək dayanır. Dövlətin inkişafı üçün Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq olunan yeni idarəetmə texnologiyaları, bu texnologiyaların tətbiqində əhəmiyyətli rol oynayan Birinci vitse-prezident institutunun formalaşdırılması və şəxsən Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti də daxil olmaqla reallaşdırılan dövlət idarəçilik sistemində islahatların təhlil edildiyi bu dərslikdə Azərbaycanın iqtisadi, sosial və humanitar inkişafın müasir və prioritet sahələrində dünya liderləri sırasında yer almasına şərait yaradıldığı elmi cəhətdən əsaslandırılıb.

 

Elektron platformada çoxsaylı müsbət rəylərlə müşayiət olunan dərslik “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in hədəflərinə nail olunması üçün zəruri kadr hazırlığı və bu sahədə əhalinin məlumatlandırılması məqsədi ilə ərsəyə gətirilib.  Dərslik dövlətin inkişaf proseslərinin idarə edilməsi sahəsində qərar qəbul edənlər, humanitar, texniki və ictimai ixtisaslar üzrə təhsil alanlar, həmçinin davamlı inklüziv inkişaf sahəsində ixtisasını artıran mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulub.