Universitet rəhbərliyi “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” mövzusunda Respublika elmi konfransında da iştirak edib

 

Mayın 27-də Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Şamaxı filialının birgə təşkilatçılığı ilə filialın 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” mövzusunda Şamaxıda Respublika elmi  konfransı keçirilib.

 

Respublika elmi konfransında ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva və digər struktur rəhbərləri, həmçinin Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova iştirak ediblər.

 

Konfrans iştirakçıları əvvəlcə Şamaxı rayonunda yerləşən Şəhidlər xiyabanını, ümummilli lider Heydər Əliyevin abidəsini və  Mirzə Ələkbər Sabirin “Ev muzeyi”ni ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Sonra Şamaxı rayon Mədəniyyət Mərkəzində ADPU-nun Şamaxı filialının 30 illik fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

 

Yubiley mərasimi mərkəzin konfrans zalında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ADPU-nun Şamaxı filialının regionun təhsil həyatında oynadığı roldan bəhs edərək filialın kollektivini yubiley münasibətilə təbrik edib. Filialın maddi-texniki və tədris bazasına görə heç də paytaxtda yerləşən ali təhsil ocaqlarından fərqlənmədiyini xüsusi vurğulayan T.Məmmədov eyni zamanda, “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” mövzusunda Respublika elmi  konfransının işinə də uğurlar arzulayıb. Sonra rayon icra hakimiyyətinin başçısı Şamaxı filialının 30 illik yubileyi, həmçinin pedaqoji sahədəki səmərəli fəaliyyətlərinə görə filialın bir qrup əməkdaşına Fəxri fərman təqdim edib.

 

Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı tərəfindən filialın bir qrup əməkdaşı da Fəxri fərmanla təltif olunub.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bu yaxınlarda 100 yaşı tamam olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet olmasından bəhs edib. Qeyd edilib ki, son 100 ildə 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları hazırlayan ADPU və onun filialları, o cümlədən Şamaxı filialı da bölgələrdə uğurla fəaliyyət göstərərək müasir baxışlı müəllim kadrlarının yetişdirilməsinə töhfə verirlər. Sonra professor Cəfər Cəfərov Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən filialın bir qrup əməkdaşına təltiflər təqdim edib.

 

ADPU-nun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov, Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, həmçinin Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova və Tədris şöbəsinin müdiri, baş müəllim Fəxrəddin Məmmədov Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunublar.

 

Tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin Amasya Universitetinin dosenti Metin Hakverdioğlunun video təbrikinin nümayişi maraqla qarşılanıb.

 

Yubiley təbriklərinin ardınca Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova bütün tədbir iştirakçılarını bir daha salamlayaraq 30 ildə filialın keçdiyi inkişaf yolundan bəhs edib. Bildirilib ki, hazırda bütün ali təhsil müəssisələri kimi, ADPU-nun Şamaxı filialı da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğının nəticəsində günü-gündən inkişaf edir. Bu gün regionda elm və təhsil mərkəzi kimi uğurla fəaliyyət göstərən ADPU-nun Şamaxı filialının məzunlarının Azərbaycanın dörd bir yanında filialı layiqincə təmsil etdikləri xüsusi vurğulanıb.

 

Tədbir “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının mövzusuna həsr olunmuş çıxışlarla davam etdirilib. Filialın müəllimi Rima Quliyeva görkəmli maarifpərvər şair Mirzə Ələkbər Sabirin yaradıcılığının müxtəlif aspektlərinə toxunaraq maraqlı məruzə edib.

 

Qeyd edək ki, yubiley tədbirində  Milli Məclisin deputatları, ADPU-nun Ağcabədi, Cəlilabad, Quba və Şəki filiallarının, pedaqoji kolleclərinin direktorları, incəsənət xadimləri, rayon ictimaiyyəti nümayəndələri, ADPU-nun Şamaxı filialının kollektivi və Vətən müharibəsi iştirakçısı olmuş məzunları da iştirak ediblər.

 

Çıxışların yekununda yubiley tədbiri bədii hissə ilə davam etdirilib.