Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2022/2023-cü tədris ili üçün magistratura pilləsi üzrə qəbul imtahanı keçirilib.

 

Bu il keçirilən imtahanda UFAZ, ADNSU, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası və Bakı Mühəndislik universitetinin məzunları iştirak edib.

 

150 dəqiqə davam edən imtahanda tələbələr 3 ixtisas (Kimya Mühəndisliyi/ Fiziki Kimya, Tətbiqi Kompüter Elmləri (Big Data və Süni Zəka) və Yer Elmləri ixtisasları) üzrə ingilis dilində verilən sualları cavablandırıblar.

 

İmtahanın ilkin nəticələri iyunun 10-da elan olunacaq.

 

UFAZ-ın magistratura pilləsinə uğurla imtahan verən və burada təhsil almaq niyyətini təsdiqləyən gənclərin ümumi təsdiq edilmiş siyahısı iyunun 16-da Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim ediləcək və siyahıda olan gənclər digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.

 

UFAZ-ın magistratura pilləsinə imtahan verən, lakin uğur əldə edə bilməyən gənclər DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

 

DİM-in təşkil etdiyi magistratura imtahanında 50-dən artıq bal toplayan namizədlər UFAZ-ın magistratura proqramlarına müraciət etmək hüququna malikdir.

 

Magistratura proqramı üçün ümumilikdə, 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomu, ADNSU və Fransanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu alacaqlar.

 

Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksək ixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılacaq.