“Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsində qonaq olan Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) Coğrafiya departamentinin nümayəndələri Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının bələdçiliyi ilə ekskursiyada olublar.

 

Proqram çərçivəsində kafedranın müdiri, dosent Oqtay Alxasov, baş muəllimi Səmayə Həsənova və UCC-nin coğrafiyaçı alimləri Peter Mikael Hansen, Klaus Bruun, Jesper Heidemann Langhoff Qobustan ərazisində mövcud palçıq vulkanları nümunələri ilə, eyni zamanda Qobustan Dövlət Tarixi və Bədii Qoruğunda arxeoloji abidələr, qədim qayaüstü rəsmlər, ərazidəki müxtəlif geoloji və relyef nümunələri ilə tanış olublar.

 

Sonrakı gün Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada müəllim-şagird kollektivi ilə görüş keçirilib, gələcək əməkdaşlıq və həyata keçiriləcək mümkün layihələr müzakirə olunub. Qonaqlar gimnaziya şagirdlərinin STEAM layihəsi çərçivəsində hazırladıqları nümunələr, qrup işləri ilə tanış olublar.

 

Növbəti gün UCC nümayəndələrinin Şamaxı şəhərinə səfəri təşkil edilib. Səfər çərçivəsində ADPU-nun Şamaxı filialında olan qonaqlara filial direktoru, dosent Tünzalə Yusifova tərəfindən filialın tarixi, tələbə-müəllim kontingenti, ixtisaslar haqqında məlumat verilib. Qonaqlar coğrafiya kabineti, inklüziv təhsil kabineti ilə tanış olublar.

 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını da ziyarət edən qonaqlar Almaniyanın “Karl Seyss” firması tərəfindən istehsal olunmuş və 1966-cı ilin sentyabrında rəsədxanada istifadəyə verilən iki metrlik teleskopla bağlı məlumat alıb, onları maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırılıb.

 

Daha sonra xarici alimlər Şamaxı-Pirqulu-Lahıc marşrutu üzrə müxtəlif relyef və landşaft nümunələri ilə yaxından tanış olublar.

 

Bununla da UCC-nin coğrafiyaçı alimlərinin ADPU-dakı proqramı başa çatıb.