Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru , professor Gülçöhrə Məmmədovanın təmsil olunduğu nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətində səfərdə olub.

         

AzMİU-nun nümayəndə heyətini qəbul edən Bakı Limanının daş direktoru Taleh Ziyadov görüşdə Limanın fəaliyyət istiqamətləri, qarşıdakı hədəflər və gələcək planlar barədə danışıb. Vurğulayıb ki, Bakı Limanı Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirməyi hədəfləyib, bununla da Liman ölkə və regionun iqtisadiyyatında xüsusi rol oynayacaq. Baş direktor bu cür irimiqyaslı proseslərdə Azərbaycan gənclərinin potensialından səmərəli istifadəni təmin edən əməkdaşlıqların əhəmiyyətinə də toxunub:” AzMİU, eləcə də digər universitetlərlə əməkdaşlıq praktiki iş təcrübəsinə və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına böyük dəstəkdir”.  Sonra AzMİU ilə Bakı Limanı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıqla bağlı Anlaşma memorandumu imzalanıb.

 

İmzalanma mərasimində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova dəvət və əməkdaşlıq üçün təşəkkür edib. Rektor ali təhsil müəssisəsi ilə biznesin əməkdaşlığının akademik təhsil müddəti zamanı peşəkar gənc kadrların yetişməsinə, tələbələrin iş həyatına hazırlanmasına, regional nəqliyyat mərkəzi olan Azərbaycanın yaxın gələcəkdə bu sahə üzrə kadr potensialının möhkəmlənməsinə böyük kömək olacağını qeyd edib. G.Məmmədova logistika sahəsinin ölkə iqtisadiyyatı üçün mühüm sahələrdən biri olduğunu vurğulayıb, bu razılaşmanın karyerasını logistika sahəsində qurmaq istəyən gənclər üçün böyük imkanlar yaradacağına, birgə proqramın uğurlu olacağına əminliyini ifadə edib. Rektor, eyni zamanda Bakı Limanı ilə əməkdaşlığın yalnız logistika istiqaməti üzrə deyil, universtetdə hazırlanan müxtəlif ixtisaslar üzrə inkişaf etdirilməsini arzulayıb. 
       

Anlaşma memorandumuna əsasən, universitetdə təhsil alan tələbələr öz ixtisaslarına uyğun peşəkar hazırlıq kurslarına cəlb olunacaq və akademik təhsildə qazandıqları təcrübəni real iş mühitində tətbiq edəcəklər. Həmçinin, həyata keçiriləcək birgə təlim proqramları gələcəkdə universitet məzunlarının Bakı Limanında və Azərbaycanda sürətlə genişlənən logistika sahəsində işlə təmin olunması üçün önəmli imkanlar yaradacaq.     

       

İmzalanma mərasimindən sonra nümayəndə heyəti təhlükəsizlik qaydalarına uyğun  kaska (baş geyimi) və jiletlərlə təmin olunaraq, Bakı Limanının ərazisini gəzib, terminalların iş prinsipi ilə tanış olublar. Onlara ümumi yük terminalı və həmin terminalda qablaşdırılmış, səpkili və konteyner yüklərinin aşırılması qaydaları izah edilib. AzMİU nümayəndələri Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə də əyani tanış olublar. Qonaqlara limanın texniki imkanları və operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq olunan texnologiyalar və innovativ həllərlə bağlı məlumat verilib.