Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Creative Spark” Ali Təhsil Müəssisəsi Proqramı layihəsi çərçivəsində baş tutan “Big Idea Challenge” müsabiqəsinin final mərhələsinə yüksəliblər.

 

Müsabiqə layihənin həyata keçirildiyi ölkələrdə gəncləri yenilikçi startaplar yaratmağa və səslərini dünyaya çatdırmağa təşviq edən video-təqdimat yarışıdır.

 

Böyük Britaniya səfirliyinin dəstəyi və “British Council”ın təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna və Ermənistanda icra olunan layihə beş il müddətinə nəzərdə tutulub.  Layihə biznes bacarıqlarını, yaradıcı iqtisadiyyatı inkişaf etdirmək üçün universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək məqsədi daşıyır.

 

Builki müsabiqə üç kateqoriya - “Sosial təsir”, “Yaradıcı düşüncə” və “Rəqəmsal texnologiya” üzrə keçirilib. BMU-nun Biznesin idarə edilməsi ixtisasının ingilis dili qrupunun 3-cü kurs tələbələri yarışda məhz “Rəqəmsal texnologiya” kateqoriyası üzrə “Petsgo” layihəsi ilə çıxış edirlər. Bu kateqoriyaya aid olan tələblərə görə, layihələr texnologiyaların innovativ istifadəsinə əsaslanmalı, yeni proqram və ya aparat təminatının hazırlanması, tətbiq olunmasını əhatə etməlidir.

 

BMU komandası, ümumilikdə yeddi ölkədə reallaşan müsabiqənin Azərbaycan üzrə finala çıxan iki komandasından biridir. Şərtlərə əsasən, iştirakçı ölkələrin hər birində mükafat ictimaiyyətin daha çox səsini qazanmış komandaya veriləcək. Səsvermə əsasında seçilən komandaların biri beynəlxalq ictimaiyyətin seçimi ilə qalib olacaq.

 

Qeyd edək ki, yarış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İngiltərənin Nyu Kastl Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihənin BMU üzrə koordinatoru Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayevadır.