Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb


 

Məhsəti Piriyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur. Ölkəmizdə olimpiada hərəkatında yetişən, inkişaf edən və biliyi ilə gələcəyini yaradan fidanlardan biridir. Koreyada və Sinqapurda təhsil imkanı qazanan şagirdimiz şanslarından birini dəyərləndirib. O, növbəti tədris ilindən Sinqapurda təhsil alacaq: “3 ildir ki, Respublika fənn olimpiadalarında iştirak edirəm. İlk dəfə gümüş, sonra qızıl medallar qazanmışam. 2 beynəlxalq olimpiadada iştirak edərək hər dəfə bürünc medala layiq görülmüşəm”.

 

Hər 2 beynəlxalq yarışa olimpiadalara hazırlıq mərkəzlərində hazırlaşıb. Bunun üçün hətta Bakıdakı mərkəzlərə qatılan Gəncə məktəblisi çəkdiyi əziyyətin bəhrəsini görüb.

 

 

 

Amil Cəfərzadə isə Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alır. Bundan sonra isə Koreyada ali təhsil alacaq. Kompüter mühəndisi olmaq fikrindədir. Riyaziyyat və informatika üzrə ölkə qaliblərindən biridir. Deyir ki, VII sinifdən başlayaraq 7-8 saat riyaziyyatla məşğul olur. IX sinifdən isə həm də informatika üzərində işləyir və bundan zövq alır. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən elm və bilik yarışlarında 1 gümüş, 1 bürünc, 4 qızıl, beynəlxalq yarışlarda isə 3 bürünc, 3 gümüş medalı var. Builki Respublika Fənn Olimpiadasında həm riyaziyyat, həm də informatika üzrə iştirak edib və qalib olub.

 

 

Onlar 397 Respublika fənn olimpiada qalibindən sadəcə ikisidir. Dünən ADA Universitetində mükafatlandırılanlar arasında onların da adı vardı.

 

Bilik yarışının qaliblərini mükafatlandıranlar arasında təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Vüqar Bayramov, Kamal Cəfərov, Fazil Mustafa, Nigar Arpadarai, Fatma Yıldırım, Rəşad Mahmudov, Arzu Nağıyev, Tamam Cəfərova, həmçinin təhsil nazirinin müavinləri və digər rəsmi şəxslər iştirak edib.

 

Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev olimpiada hərəkatının istedadların aşkarlanması və inkişafında kifayət qədər böyük platforma olduğunu deyərək qeyd edib ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Bildirilib ki, respublika fənn olimpiadalarında 9-10-11-ci və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri Azərbaycan və rus bölmələri olmaqla 8 fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, riyaziyyat, fizika, informatika) üzrə iştirak edirlər. Olimpiadalarda 28130 şagird iştirak edib. 6000-ə yaxını yarımfinala keçən şagirddən 805-i finala çıxıb. Onlardan 397-si qalib elan edilib.

 

Qaliblər 61 rayon, 219 məktəbi əhatə edib. 41 qalib VIII sinif şagirdidir. Qaliblər arasında 62 nəfər kənd məktəblərinin şagirdləridir. Ötən il onlar 49 nəfər olub.

 

Nazir Emin Əmrullayev genişlənən olimpiada hərəkatı barədə məlumat verərək deyib ki, hərəkat artıq 30 mindən artıq şagirdi, şəhər və kənd məktəblərini əhatə edir: “Azərbaycan olimpiada hərəkatı ilə bağlı işlərin böyük əksəriyyətini uğurla icra edir. Bu işdə bilik və bacarıqla yanaşı, vaxt da lazımdır. Nəticələrin yaxşı olması üçün sistemli iş qurulub. Bir çox liseylərimiz dünyada seçilə bilən nəticələr göstəriblər”.

 

Nazir ölkə məktəblilərinin beynəlxalq olimpiadalarda qazandığı uğurlarının artdığını deyib:  “Şagirdlərin süni nəticələrlə yox, addım-addım irəli getdiyini düşünürük. Artıq bu istiqamətdə nəticələr də var. Şagirdlərimizin yarışlarda 50 ölkə sırasına düşməsi yaxşı nəticə kimi qiymətləndirilməlidir”.

 

Təhsil naziri informatika fənni üzrə nəticələrə xüsusi toxunub: “3 il əvvələ qədər informatika üzrə olimpiadalarda qalib olmurdu. 3 ildir ki, beynəlxalq olimpiadalardan medalla qayıdırlar”.

 

Olimpiada ilə bağlı dövlət siyasətindən danışan nazir deyib: “Bir neçə ildir ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliklə beynəlxalq olimpiadalarda qalib olanlar müsabiqədənkənar ali təhsil almaq hüququna malikdirlər. Təbii ki, həmin şəxslər çox vaxt təhsilini ölkədən kənarda davam etdirirlər. Çünki qalib şagirdə dünyanın aparıcı universitetlərində tam təqaüd verilir. 1-2 balla finalda qalib ola bilməyən şagirdlərimiz isə karyerasını ölkəmizdə qurub elitanı formalaşdırmalıdırlar”.

 

Xaricdə təhsil üzrə dövlət proqramının yenidən aktivləşdirildiyini vurğulayan nazir Sovet dövrü ilə müqayisə edərək indiki şanslardan danışıb: “İndi o mərhələyə gəlib çatmışıq ki, qaliblər ölkədə qalıb öz təhsillərini davam etdirə bilərlər”.

 

Ruhiyyə DAŞSALAHLI