Almaniyanın Yustus-Liebiq-Qiesen Universitetinin dosenti, tarixçi və ədəbiyyatşünas alim Dr. Mixael Raynhard Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı keçirilib.

 

Tədbirdə Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, Milli Məclisinin deputatı Nigar Arpadarai, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini  Fuad Hüseynov, Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev, Azərbaycan Milli Kitabxanasının müdiri Kərim Tahirov, Azərbaycan Milli Elmlər Akademiyasının, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının nümayəndələri, BSU-nun professor-müəllim heyəti, əməkdaşları, doktorant və magistrantları iştirak ediblər.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, pandemiyadan sonrakı dövrdə universitetdə keçirilən ilk kitab təqdimatının məhz Şuşaya  həsr olunması qürurvericidir.

 

A.Nağıyev qeyd edib ki, kitab təkcə Azərbaycan, Şuşa, Qarabağ haqqında obyektiv məlumatların çatdrılması ilə deyil, eyni zamanda Qarabağın, Şuşanın mədəniyyəti və tarixi ilə bağlı obyektiv informasiyaların təhrif olunmasına qarşı elmi mənbə kimi əhəmiyyətlidir. Onun sözlərinə görə, belə tədqiqatların dəstəklənməsi olduqca vacibdir.

 

Milli Məclisin deputatı Nigar Arpadarai  kitabın Azərbaycan tarixini öyrənmək istəyənlər üçün dəyərli tədqiqat nümunəsi olduğunu bildirərək, bu formatda təqdimatların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıb.

 

Təhsil nazirinin müşaviri Nicat Məmmədli müstəqil Qərb müəllifləri tərəfindən  xarici dillərdə Azərbaycan tarixi ilə bağlı kitabların yazılmasının əhəmiyyətindən danışıb, kitabda yer alan sahə tədqiqatları barəsində məlumat verib.

 

Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev kitab haqqında geniş məruzə ilə çıxış edib. O, alman alimi Dr. Mixael Raynhard Hessin Azərbaycanla bağlı fəaliyyəti haqqında məlumat verib, həmçinin  “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabında yer alan tarixi faktların əhəmiyyətindən danışıb.

 

Sonra kitabın müəllifi, Almaniyanın Yustus-Liebiq-Qiesen Universitetinin dosenti, tarixçi və ədəbiyyatşünas alim Dr. Mixael Raynhard Hess çıxış edib. Bildirib ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır.  Kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulub. Kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov kitabın ölkəmizin tarixinin öyrənilməsində müstəsna rol oynayacağını vurğulayıb. Kitabın xaricdə beynəlxalq səviyyədə nəşr olunan ilk elmi monoqrafiya olduğunu diqqətə çatdıraraq, Azərbaycanın tarixi Zəfərinə, “Şuşa İli”nə böyük töhfə olduğunu deyib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyətə malik olan kitabda sahə tədqiqatlarının yer aldığını bildirib.

 

Tədbirdə BSU-nun professorları, kafedra müdirləri, AMEA kitabxanasının direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi və digər çıxış edənlər mövzu ətrafında öz fikirlərini bölüşüblər.