Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Seyfullah Əliyevin detektiv janrda yazdığı “Qətlə aparan yol” kitabının təqdimatı olub.

 

UNEC İnklüziv Təhsil Mərkəzi və Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə yeni tədris binasının 3 saylı kitabxanasında təşkil olunan kitab təqdimatında UNEC kollektivi və müəlliflə yanaşı, Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin üzvü Süleyman Abdulla, şair-yazıçı, professor Zahid Xəlil də iştirak ediblər.

 

Gənc yazarı təbrik edən ölkənin tanınmış yazıçıları, detektiv janrının xüsusiyyətlərindən söz açıblar. Çıxış edənlər romanın süjet xəttinin detektiv janrına uyğunluğunu yüksək qiymətləndirərək, peşəkarlıqla qələmə alındığını bildirib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Gənc yazar Seyfullah Əliyev kitabın təqdimatı üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə, eləcə də təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib. “Qətlə aparan yol” romanının ərsəyə gəlməsi barədə məlumat verən müəllif  romanın riyaziyyat müəlliminin qətlindən və hadisənin detektiv tərəfindən araşdırlmasından bəhs etdiyini diqqətə çatdırıb.