Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verir.

 

2022-ci ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi iyulun 24-dən 31-dək Bakı şəhəri ilə yanaşı, Şəki, Qəbələ və Qax rayonlarında fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır, hazırda dünyanın 24 nüfuzlu ali təhsil ocağında, eləcə də ölkəmizdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunur. Layihənin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

 

XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində 14 ölkənin - Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan, Suriya kimi ölkələrin aparıcı universitetlərindən 20-dən artıq tələbə iştirak edəcək. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc və yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

Yay məktəbi müddətində iştirakçıların Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev  ilə görüşləri planlaşdırılır.

 

Tələbələr ilk gün Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edəcəklər. Yay məktəbi çərçivəsində Şəkidə Karvansaray, Xan sarayı kompleksinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə, Qaxda Kürmük məbədinə ziyarət də nəzərdə tutulub.

 

XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunacaq.