Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələrinin genişlənməsi, tələbələrin inkişafı və təhsil standartlarının yüksəlməsinə xidmət edən növbəti addımı atıb.  110-dan artıq ali məktəbi ətrafında birləşdirən nüfuzlu Avrasiya Universitetlər Birliyinə  üzv qəbul olunub.

 

2008-ci ildən etibarən fəaliyyətə başlayan Avrasiya Universitetlər Birliyi (EURAS) 50-dən çox ölkədən olan universitetlər arasında əməkdaşlığı təşviq edir. Qurumun əsas məqsədi Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafına nail olmaqdan ibarətdir.

 

EURAS-ın yaratdığı beynəlxalq təhsil platforması dünya üzrə ən yaxşı təhsil xidmətlərini üzv universitetlər  üçün əlçatan edir. Üzvlər arasında qurulan dinamik şəbəkə təhsilin akademik standartlarının təkmilləşdirilməsi, tələbə və akademik heyətin mobilliyinin təşviqi, bilik  və qabaqcıl təcrübələrin mübadiləsi yolu ilə Avrasiya universitetlərinin liderliyinin gücləndirilməsinə xidmət edir. EURAS xəttilə təşkil olunan elmi konfranslar və seminarlarda tələbələrlə yanaşı, müxtəlif istiqamətlər üzrə tədqiqatçılar, milli və regional qurumların nümayəndələri təmsil olunur.  Ümumilikdə Avrasiya Universitetlər Birliyinin xətti ilə bütün dünyada təhsilin inkişafı, bu sektorda qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb.

 

Xatırladaq ki, bu ilin mart ayında Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın ATU-da qonaq olmuş və universiteti EURAS üzvlüyünə dəvət etmişdi.

 

Bu barədə ATU-dan bildirilib.