İnstitut beynəlxalq ikili diplom magistr proqramına yeni qəbul olunan tələbələr üçün nəzərdə tutulub


2022/2023-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə dövlət sifarişi əsasında Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu həyata keçirilib.

 

Belə ki, müvafiq beynəlxalq proqrama qəbul olunmaq üçün sənədlərini təqdim etmiş və DİM-də magistartura imtahanı vermiş 120 nəfər namizədin Corc Vaşinqton Universitetinin tələbə qəbulu ofisi tərəfindən ilkin seçimi aparılıb və 56 nəfər müsahibə mərhələsinə keçib. Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin nümayəndələri 6-24 iyun 2022-ci il tarixlərində Bakıda 56 nəfər namizədlə müsahibə apararaq, ən layiqli 40 nəfəri müəyyən ediblər.

 

İyul ayının 26-da Bakı şəhərində işə başlayan ikili diplom proqramına yeni qəbul olmuş magistarantlar üçün Yay İnstitutunun açılışında ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin professor, doktor Kolin Qrin, Corc Vaşinqton Universiteti tərəfindən proqramın direktoru Sevinc Məmmədova və ADPU tərəfindən proqramın direktoru Tofiq Əhmədov iştirak ediblər. Üç gün davam edəcək tədbirdə magistrantlara proqram çərçivəsində akademik proses və qaydalar, qiymətləndirmə meyarları, tədqiqat və təcrübə proqramları haqqında məlumat veriləcək və sualları cavablandırılacaq.

 

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu proqramdan cari ildə ilk 22 nəfər məzun olub və növbəti tədris ilində proqramda iki kursda cəmi  65 nəfər sentyabrın 15-də dərsə başlayacaq.