Sumqayıt Dövlət Universitetində (SDU) İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinə dair növbəti görüş keçirilib.

 

SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov belə mərkəzlərin yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, Prezidentin sərəncamı ilə  təsdiq edilmiş “2019‒2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda  Azərbaycan universitetlərində biznes-yaradıcılıq mühitinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi göstərilib. Dövlət Proqramının müvafiq müddəalarını əsas tutaraq SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf  Planında universitetin nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulub və müvafiq işlərin həyata keçirilməsinə başlanılıb. Mərkəzin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə İşçi qrupu, Mentor qrupu və Ekspert qrupu formalaşıb, İşçi qrupunun Fəaliyyət planı təsdiq edilib.

 

SDU-da İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti istiqamətində görüşlər bir çox müəssisələrdə davam etdirilib, uğurlu  nəticələr əldə olunub.

 

Universitetlərdə müasir innovativ texnoparkların yaradılması və səmərəli fəaliyyətinin təşkil edilməsi istiqamətində dəyərli təcrübələrini əsirgəməyən Türkiyə Respublikasının Milli Eğitim Bakanlığının nümayəndəsi, beynəlxalq mentor Hakan Özkaynak çıxış edərək, bu istiqamətdə görülən və görüləcək işlər barədə danışıb, həmçinin qardaş Türkiyədə startaplarla iş, texnoparkların məqsədi və səmərəli fəaliyyəti haqqında təqdimatla çıxış edib.

 

Görüşün sonunda SDU-da yaradılacaq İnnovasiya Yaradıcılıq Mərkəzi ilə müəssisələr arasında gələcək əməkdaşlıq barəsində müzakirələr aparılıb, müvafiq fəaliyyət sahələri üzrə qarşılıqlı əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi qərara alınıb və  müəyyən təkliflər səsləndirilib.