Avqustun 2-də 2022-2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

 

https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçmiş 581 müraciətçidən 478-i müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən namizədlərdən 296 nəfəri direktor, 182 nəfəri isə direktor müavini olmaq üçün mübarizə aparıb. 90 dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.

 

İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.Müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

 

Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.