Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi “Mədəniyyət kodu  - Şuşa”adlı  lonqrid layihəsinin icrasına start verib.

 

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyindən verilən məlumata görə, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezidentin 5 yanvar 2022-ci il tarixli  Sərəncamı 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin  zəngin inkişaf yolunu, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rolunun dünya ictimaiyyətinə tanıdılması vəzifəsini ictimai-siyasi gündəmin önünə çəkir. İctimai Birlik bu sənəddən və ondan irəli gələn Nazirlər Kabinetinin Tədbirlər Planında nəzərdə tutulmuş “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği məqsədini əsas götürərək, lonqridin İsveçdə təqdimatını nəzərdə tutur.


Layihənin əsas ideyası Şuşanın füsunkarlığını düzgün media texnologiyaları vasitəsilə Avropa auditoriyasına çatdırmaq, Şuşa sevgisini Qərb insanına aşılamaqdır. Müasir dövrdə immersiv, yəni dalma jurnalistikaya xas olan alət və üsullardan istifadə vacib mesajların auditoriyaya müfəssəl çatdırılmasına zəmanət verir.  Onlardan biri Qərb auditoriyasında populyar olan lonqriddir. Qeyd edək ki, bu layihə Azərbaycan tərəfindən  Avropada təqdim ediləcək ilk lonqrid olacaq.

 

Layihənin məqsədi Şuşanın əsrlər boyu məhz Azərbaycan şəhəri olmasını tarixi faktlar, arxiv materialları, memuarlar, nadir fotolar və s. vasitəsilə İsveç ictimaiyyətinə təlqin etməkdir. Artıq işçi qrupunun üzvləri arasında vəzifə bölgüsü aparılıb. Ciddi araşdırmalar, sənədlərin öyrənilməsi, müsahibələr vasitəsilə təkzibolunmaz faktoloji bazanın yaradılması, onun əsasında  yüksək standartlara uyğun lonqridin hazırlanmasına dair işlər başlanılıb.