Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara Universitetinin Gölbaşıda yerləşən Texnoparkında olub. Nümayəndə heyəti texnoparkda yerləşən şirkətləri ziyarət edib, onların nümayəndələri ilə danışıqlar aparıb, həyata keçirilən layihə və araşdırmalarla tanış olub.

 

Elmi tədqiqat əlaqələrinin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə gerçəkləşən görüş çərçivəsində Türkiyə universitetlərinin elmi-tədqiqatlarının  istehsalata tətbiqi istiqamətində əldə etdiyi nailiyyətlər öyrənilib. BDU-nun Texnoparkının qurulmasında mövcud təcrübədən yararlanmaq üçün şirkətlərin universitetlə birgə fəaliyyəti ilə tanışlıq olub. Texnopark rəhbərliyi araşdırma mərkəzləri, icra olunan layihələr, icraçı şirkətlər haqqında geniş məlumat verib, müxtəlif innovativ layihələr nümayiş etdirilib.

 

Qeyd edək ki, Ankara Universitetinin Gölbaşı Texnoparkı 2009-cu ildən fəaliyyət göstərir. Təxminən 15 min kv.m ərazidə yerləşir. Parkda 140 ofis fəaliyyət göstərir.