Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Kocaeli vilayətindən millət vəkili Cemil Yaman, Gebze bələdiyyəsinin başqanı Zinnur Böyükgöz və bələdiyyə məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş olub.

 

Rektor Elçin Babayev qonaqlara Azərbaycanın ilk və ən böyük ali məktəbi olan BDU haqqında məlumat verib. Qeyd edib ki, sentyabrın 1-də 103 yaşını qeyd edən universitet son illər beynəlxalq əlaqələrini genişləndirir, xüsusilə qardaş Türkiyə universitetləri ilə əməkdaşlıq böyük önəm daşıyır: “Türkiyə və Azərbaycan Prezidentlərinin ölkələrimizin mənafeyi naminə gördükləri işlər öz bəhrəsini verir. Bu işlər hər birimiz üçün örnəkdir. İki ölkənin müxtəlif qurumları, o cümlədən təhsil sahəsində əlaqələrin gücləndirilməsi dostluq və qardaşlığımızı daha da möhkəmləndirməyə xidmət edir”.

 

Türkiyə Böyük Millət Məclisinin üzvü Cemil Yaman, Gebze bələdiyyəsinin başqanı Zinnur Böyükgöz də çıxışlarında özlərini vətənlərində hiss etdiklərini, Azərbaycanın Qarabağda qazandığı Zəfərin 85 milyonluq Türkiyə vətəndaşı üçün də böyük qürur olduğunu bildiriblər. Çıxışlarda iki qardaş ölkənin gələcəyinin çox uğurlu olacağı, bu istiqamətdə elm və təhsil müəssisələrinin üzərinə xüsusi vəzifə düşdüyü diqqətə çatdırılıb.

 

Görüşdə BDU ilə Türkiyənin əsas sənaye və texnoloji mərkəzlərindən olan Kocaelidəki universitetlər arasında əlaqələrin möhkəmləndirilməsi də müzakirə olunub.