Azərbaycan-Fransız Universitetində (UFAZ) 2022/2023-cü tədris ili üçün UFAZ-a qəbul olan bakalavr tələbələri ilə “Oriyentasiya Günü” keçirilib.

 

Ali məktəbdən bildirilib ki, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov tədbir iştirakçılarını salamlayaraq, onları UFAZ-ın tələbəsi olmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. V.Əsgərov tələbələri fəal olmağa və universitetin verdiyi imkanlardan yararlanmağa çağırıb.

 

UFAZ-ın baş katibi Elizaveta Bydanova qeyd edib ki, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti tərəfindən birgə idarə olunur. O, Strasburq Universitetinin tələbələrə verdiyi üstünlüklər barədə danışıb.

 

UFAZ-ın Təhsil şöbəsinin müdiri, Frankofoniya Karyera Mərkəzinin rəhbəri Lətifə Nəsibova UFAZ-da tədris prosesi, daxili qaydalar, professor-müəllim heyəti, praktiki və nəzəri kurslar, laboratoriyalardan istifadə, qiymətləndirmə və imtahanlar haqqında ətraflı məlumat verib, tələbələrin bilik və bacarıqlarının inkişafı istiqamətində yeni yaradılmış karyera mərkəzinin fəaliyyətindən bəhs edib.

 

Daha sonra müxtəlif ixtisaslar üzrə koordinatorlar tələbələrə təhsil proqramları haqqında məlumat veriblər.

 

Sonda UFAZ Tələbə Şurasının üzvləri yeni qəbul olunmuş tələbələri tələbə klubları, müxtəlif dərnəklər və universitetdə keçirilən tədbirlər haqqında məlumatlandırıb. UFAZ-ın yuxarı kurs tələbələrindən yeni qəbul olunmuş hər bir tələbəyə kurator təyin olunacaq. Kuratorlar ilk kursda yeni gələnlərə universitetlə tanış olmaq üçün bələdçilik edəcək, qarşılaşdıqları problemləri daha tez həll etməyə, beləliklə də daha tez uyğunlaşmalarına kömək göstərəcəklər.

 

Qeyd edək ki, 2022-2023-cü tədris ilində UFAZ-ın bakalavriat səviyyəsinə 135 nəfər qəbul olunub. Onlardan 40-ı Kompüter elmləri, 35-i Kimya mühəndisliyi, 31-i Neft və qaz mühəndisliyi, 29-u Geologiya və geofizika mühəndisliyi ixtisasları üzrə təhsil alacaq.