Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

 

Müsabiqədə iştirak etmək üçün 3747 abituriyent ərizə təqdim edib. Onlardan 1443 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

 

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 13-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar  (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/). 

 

Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər 14 sentyabr saat 12:00-dan 20 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

 

Bu barədə DİM-dən bildirilib.