Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Geologiya və Geofizika İnstitutunun birgə təşkilatçılığı ilə akademik Musa Əliyevin gündəlikləri əsasında yazılmış kitabın təqdimat mərasimi keçirilib.

 

Tədbirdə əvvəlcə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Hökumət üzvləri, AMEA-nın nümayəndələri, millət vəkilləri, elm xadimləri və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Musa Əliyevin gündəlikləri əsasında tərtib olunmuş kitabı yüksək ədəbi, mənəvi və ibrətamiz dəyərə malik nəşr kimi qiymətləndirib. ADNSU-da akademik M.Əliyevin qoyduğu irsin, yaratdığı elmi məktəbin uğurla davam etdirildiyini deyən rektor kitabı mütaliə etdikdən sonra görkəmli akademiki həm də Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən bilən, yüksək mənəvi və vətəndaş dəyərlərinə sahib böyük insan kimi bir daha kəşf etdiyini vurğulayıb.

           

AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə görkəmli alim M.Əliyev haqqında xatirələrini bölüşüb. O, Azərbaycanda geologiya elminin inkişafına fundamental töhfələr vermiş, Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin əsasını qoymuş dünya şöhrətli geoloq alimin gündəlikləri əsasında nəşr olunan kitabı böyük tarixi salnamə kimi qiymətləndirib.

          

Akademik M.Əliyevin həyat yolunu əks etdirən videokollaj nümayiş etdirildikdən sonra kitabın tərtibatçısı, tanınmış yazıçı-publisist Nadejda İsmayılova görkəmli akademik haqqında fikirlərini bölüşüb. O, M.Əliyevin gözəl, bədii yazı üslubu, öz fikirlərini aydın və səlis ifadə etməsi sayəsində kitabın tərtibatı işinin maraqlı və zövqlü olduğunu bildirib, M.Əliyev kimi görkəmli alimin haqqında yazılan kitabın müəllifi olmaqdan böyük qürur hissi keçirdiyini vurğulayıb.

        

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev akademik M. Əliyevin gündəliklərindəki qeydlərin alimin hər şeydən öncə böyük ürəyə malik alicənab, ədalətli, zəhmətkeş insan olduğunu nümayiş etdirdiyini söyləyib. O, akademik M.Əliyevin geologiya elminə gətirdiyi yeniliklərin dünya geologiya elminə mühüm töhfə verdiyini qeyd edərək, elmi nailiyyətlərinin böyük praktiki əhəmiyyət kəsb etdiyini vurğulayıb və əfsanəvi “Neft Daşları”nın ideya təşəbbüskarı olmasını söyləyib. Hafiz Paşayev həyatı, əməlləri, elmi ilə ucalan böyük alimin ömür yoluna işıq tutan yeni kitabın onilliklər, yüzilliklər sonra da gənc nəslin tərbiyəsi və təkmilləşməsi üçün gözəl nümunə olacağına inandığını deyib və kitabın daha geniş auditoriyaya çatdırılmasının, Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini vurğulayıb.

 

ADA Universitetinin akademik işlər üzrə prorektoru, Dr. Vəfa Kazdal görkəmli alimin Elmlər Akademiyasının prezidenti kimi elmi işlərin təşkilində səmərəli və əvəzsiz xidmətlərindən söz açıb. Kitab haqqında təəssüratlarını bölüşən V.Kazdal akademikin elmlə yanaşı, onun gündəliklərində təbliğ etdiyi humanist  və insani dəyərlərdən də danışıb. 

             

M.Əliyev haqqında xatirələrini bölüşən akademikin nəvələri Nailə Əliyeva və Cəmilə Paşayeva-Seyidzadə belə bir təqdimat mərasimində olmaqdan məmnunluqlarını bildirib və alimin öz dəsti-xətti ilə yazdığı gündəlikləri əsasında tərtib olunmuş kitabı böyük həyəcanla oxuduqlarını, hər sözün, hər cümlənin onlarda xoş xatirələr canlandırdığını qeyd ediblər.