DİM-in bu layihəsində 600 və daha yüksək bal toplamış gənclərin uğur sirri açıqlanacaq


Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği hər zaman Dövlət İmtahan Mərkəzinin (DİM) diqqət mərkəzindədir. Qurumdan bildirilib ki, artıq neçə ildir,  ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, ictimaiyyətə tanıdılması məqsədilə DİM bir sıra tədbirlər həyata keçirir. 

 

1999-cu ildən başlayaraq “Abituriyent” jurnalının bir nömrəsi tamamilə bilik öncüllərinə həsr edilirdi. 2016-cı ildən etibarən “Bilik yarışının öncülləri” internet layihəsi istifadəyə verilib və   abiturient.az  saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur. 

 

Qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərə dair bu portalda indiyədək 25 mindən çox şəxs haqqında məlumat dərc olunub. 

 

Layihənin missiyası yüksəkballı gənclərin təbliği ilə yanaşı, bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir. 

 

DİM  bilik yarışının öncüllərinə yenidən müraciət edib, onları bu layihədə fəal iştiraka və  təcrübələrini paylaşmağa çağırıb. 

 

Bunun üçün şəxsi kabinetin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmaq lazımdır. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Diqqətə çatdırılıb ki, saytda yalnız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək.