Sentyabrın 20-də Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində keçirilən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın yekun tədbiri baş tutub.


Beynəlxalq tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub. 


Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, millət vəkilləri və digər rəsmilər, mədəniyyət sahəsinin mütəxəssisləri iştirak edib. 


Konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran qonaqları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. 


Daha sonra çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, konfransda 15 ölkədən nümayəndələr qatılıb. Nazir qeyd edib ki, bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından bu konfrans mühüm əhəmiyyət daşıyır.


Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, xalqın mədəni səviyyəsi hər bir ölkənin inkişafına təsir göstərir. İşğal dövründə düşmən tərəfindən mədəni abidələrimizin məhv edildiyini diqqətə çatdıran Firudin Qurbanov bildirib ki, bu gün infrastruktur layihələrlə yanaşı, mədəni abidələrimiz də bərpa olunur. Bizim əsas vəzifəmiz mədəni irsimizi gələcək nəsillərə çatdırmaqdır.


İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev öz növbəsində deyib ki, ötən dövr ərzində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər daha da artıb. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksək artım davam edib.


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mədəniyyət sahəsinin Azərbaycan üçün həmişə prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. 


Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb. 


Konfrans öz işini panel iclaslarla davam etdirib. 


Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə reallaşan konfransın birinci hissəsi Şuşa şəhərində keçirilib.