Bakı Dövlət Universitetində (BDU) Türkiyənin İhsan Doğramacı adına Bilkent Universitetinin rektoru Kürşat Aydoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

 

Rektor Elçin Babayev qeyd edib ki, BDU-nun beynəlxalq əməkdaşlıq kontekstində qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi əsas prioritetlərdən birini təşkil edir. E.Babayev Bilkent Universitetinin bu sırada öncül yerlərdən birini tutduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin Bilkent Universitetinin qurucusu, Türk dünyasının böyük oğlu, professor İhsan Doğramacı ilə dərin dostluq əlaqəsinə diqqət çəkib, İhsan Doğramacının BDU-nun Fəxri doktoru olduğunu bildirib. Rektor iki universitet arasında qarşılıqlı əlaqələrin xalqlarımızın rifahı və inkişafına xidmət edəcəyinə əmin olduğunu qeyd edib.

 

Bilkent Universitetinin rektoru Kürşat Aydoğan da çıxışında iki universitet arasında əməkdaşlığın daha da gücləndirilməsinin faydalı olacağını diqqətə çatdırıb.

 

Daha sonra BDU ilə Bilkent Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanıb. Protokolda təhsil və elm sahələri üzrə birgə tədqiqatların aparılması, akademik heyətin, tələbələrin təhsil, təlim və tədqiqat məqsədləri üçün müxtəlif kitabların, habelə, dövri və digər nəşrlərin mübadiləsi nəzərdə tutulur.