Xalq yazıçısı ADPU-nun qonağı olub


Oktyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin həyat və yaradıcılığına həsr edilmiş “Anar - gəncliyin arzusu!” adlı tədbir keçirilib. Tədbirdən əvvəl böyük yazıçının əsərlərindən ibarət sərgi ziyarət olunub.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq ali təhsil ocağının kollektivi adından mötəbər qonağı salamlayıb, Anarın müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlərini diqqətə çatdırıb və onu Pedaqoji Universitetdə  görməkdən məmnunluğunu ifadə edib. Rektor Anarın həm də sevdiyimiz əsərlərin müəllifi, dönə-dönə izlədiyimiz filmlərin ssenari müəllifi, millət vəkili, yazıçılar birliyinin sədri kimi hər birimizin yaddaşında iz buraxan ictimai xadim olduğunu vurğulayıb.

 

ADPU-nun  Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədov Anarın yaradıcılığı haqqında məruzə ilə çıxış edərək böyük yazıçının yazmağa heç vaxt tələsmədiyini, ancaq mövzuya hakim olandan sonra qələmini işə salaraq xalqın mənəvi həyatında böyük rol oynayan kamil əsərlər ərsəyə gətirdiyini diqqətə çatdırıb.

 

Universitetin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Adil Balıyev də Anar haqqında təəssüratlarını bölüşüb, yazıçı Anarın 60-cı illər Azərbaycan ədəbiyyatına canlanma gətirdiyini, yazıçının hər bir əsərində millilik ruhunun olduğunu qeyd edib.

 

Tədbir zamanı Filologiya fakültəsinin “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında Anar yaradıcılığından parçalar səsləndirilib, yazıçının həyat yoldaşı Zemfira xanım üçün qələmə aldığı şeiri videoçarx şəklində izlənilib, əsərləri əsasında çəkilən “Cavid ömrü”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Evləri köndələn yar” kimi filmlərdən fraqmentlər nümayiş olunub.

 

Öz təəssüratlarını bölüşən Xalq yazıçısı Anar Pedaqoji Universitetdə sonuncu dəfə olduğu dövrdən bəri burada xeyli yeniliklərin olduğunu, bu gün tələbələrin daha yaxşı təhsil alması üçün geniş imkanların açılmasının məmnunluq doğurduğunu qeyd edib. ADPU-nun möhtəşəm zalında bir neçə dəfə görüşlərdə olduğunu deyən yazıçı yenidən bu zalda müəllimlər, tələbələrlə görüşməyin olduqca xoş olduğunu bildirib. Xalq yazıçısı tələbələrə yaxşı mütəxəssis olmağın, kitab oxumağın vacibliyindən danışaraq, böyük Azərbaycan ədəbiyyatı ilə tərbiyə olunan gəncliyimizin əzəli torpaqlarımızı işğaldan azad etdiyini xüsusilə vurğulayıb.

 

Müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran Anar həyatı və yaradıcılığı ilə bağlı olduqca maraqlı məqamları ilk dəfə olaraq oxucuları ilə bölüşüb. Həmçinin, yazıçı, yaradıcılığa qədəm qoyduğu ilk dövrdən başlayaraq onun haqqında dərc edilən mənfi və müsbət fikirləri obyektiv şəkildə toplayaraq yaxınlarda irihəcmli əsər formasında çap etdirməyə hazırlaşdığını, bununla da bir yazıçının keçdiyi çətin yolun təhlili üçün oxucuların ixtiyarına verəcəyini açıqlayıb.

 

Sonda tədbirin təşkilatçısı, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekan vəzifələrini icra edən professor Mahirə Hüseynova universitetin çoxminli müəllim-tələbə heyəti adından böyük ədibə bu tarixi görüş üçün minnətdarlığını bildirərək, bu tip ictimai görüşlərin əsas məqsədinin yetişən gənc müəllimlərimizin mənəvi-sosial dünyasının zənginləşməsinə töhfə vermək olduğunu, bu qəbildən təvazökar olduğu qədər də böyük olan Anar yaradıcılığının müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA