Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.

 

Rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini, hazırda BDU ilə Qazaxıstanın iki universiteti arasında ikili diplom proqramının mövcudluğunu, daha iki universitetlə ikili diplom proqramı üzərində isə işlərin tamamlanmaq üzrə olduğunu qeyd edib. Rektor BDU-nun əcnəbi tələbələri arasında Qazaxıstandan olan tələbələrin üstünlük təşkil etdiyini, hazırda BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzinin fəaliyyətinin uğurla getdiyini vurğulayıb.    

 

Səfir Serjan Abdıkarimov BDU-da Monqolustanın Nomqon vadisində tapılan ikinci Göytürk dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatına görə rektor E.Babayevə təşəkkürünü bildirib. Qeyd edib ki, bu tapıntı bütün türk dövlətləri üçün böyük hadisədir. Səfir türk xalqlarının qədim və ortaq tarixinin öyrənilməsində Qazaxıstan dövlətinin də maraqlı olduğunu, bu məsələdə elm adamlarının üzərinə böyük vəzifələr düşdüyünü deyib. O, BDU ilə Qazaxıstanın ali məktəbləri arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb.

 

Görüşdə BDU ilə Qazaxıstanın ali məktəbləri arasında əməkdaşlığın daha da dərinləşməsi, maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.