Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru Obid Şəfiyevin rəhbərliyi ilə doktorantura, magistratura və bakalavr pilləsində təhsil alan tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

 

Universitetdən bildirilib ki, nümayəndə heyəti ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ilə görüşüblər.

 

Görüşün əsas məqsədi Özbəkistan və Azərbaycanın ali təhsil sistemində təcrübə mübadiləsi aparmaq, elmi əlaqələr qurmaq, tələbə həyatı ilə yaxından tanış olmaqdır.

 

Görüş zamanı türkdilli dövlətlərin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb və ortaq təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. 

 

Daha sonra qonaqlar ADPU-nun binası, kitabxanası və dərs auditoriyaları ilə tanış olublar. 

 

Qeyd edək ki, səfər çərçivəsində Termiz Dövlət Universitetinin nümayəndələri ADPU-nun Quba filialını da ziyarət edəcəklər.