ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib.

 

BBMM-dən bildirilib ki, Salt Lake City şəhərinin meri xanım Erin Mendenhall və Yuta ştatı senatının sədri Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında məlumat verib. Görüşdə, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin düşmən tərəfindən minalanması barədə də ətraflı bilgi verilib. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları da hədiyyə edilib.
ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktorunun Brinqam Younq Universitetinin Hüquq və Din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial elmlər fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşu baş tutub. Görüşdə 2023-cü ilin qış semestrindən etibarən, Brinqam Younq Universitetində BBMM-in dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənninin tədris olunması barədə qərar qəbul edilib. Bununla da Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ilk dəfə olaraq ABŞ-da həyata keçiriləcək.  

 

Qeyd edək ki, hazırda Brinqam Younq Universitetində 40000-dən yuxarı tələbə təhsil alır.