Times Higher Education“ nəşrinin ali təhsil müəssisələrinin reytinq cədvəlində Sürix Texniki Ali Məktəbi (ETH Sürix) kontinental Avropanın ən yaxşı ali təhsil ocağı kimi dəyərləndirilib.

 

Dünya sıralamasında ETH Sürix mövqeyini yaxşılaşdıraraq 11-ci pilləyə irəliləyib. Onunla yanaşı, daha beş İsveçrə ali məktəbi dünyanın 200 ən yaxşı ali məktəbi sırasında yer alıb.

 

Reytinq siyahısına ənənəvi olaraq Böyük Britaniya və ABŞ universitetləri başçılıq edir. Siyahıda ilk yeri Oksford Universiteti, sonrakı yerləri isə müvafiq olaraq Harvard, Kembric, Stenford universitetləri, Massaçuset və Kaliforniya texnologiya institutları, Prinston, Kaliforniya və Yel universitetləri tutublar. İlk onluğu London İmperial Kolleci tamamlayır.

 

Reytinq cədvəlində dünyanın 104 ölkəsindən 1799 universitet 13 indikator əsasında qiymətləndirilir. Buraya tədris və tədqiqat fəaliyyəti, elmi nəşrlərdə sitatlar, beynəlxalq əməkdaşlıq, iqtisadi mənbələrdə universitet tədqiqat və layihələrinə maliyyələrin ayrılması daxildir. Builki reytinqin hazırlanmasında bütün dünya üzrə elmi nəşrlərdə istifadə edilmiş ümumilikdə 121 milyon sitat analiz edilib və 40 mindən artıq elmi işçinin rəyi soruşulub.

 

Azərtac