“Mən qarabağlıyam, babam uzun illər Füzulidəki tam orta məktəbdə dərs deyib. Babam Qarabağ işğaldan azad olunandan sonra yenidən orada dərs deyəcəyini xəyal edərdi. Təəssüf ki, o bu günləri görə bilmədi. Mən isə onun əvəzinə həmin həvəslə Qarabağ Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərəcəyəm”.
 
Füzuli rayonu 31 nömrəli məktəbi bitirən Gözəl Səfərova 2023-cü ildə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın “University of Sheffield” Universitetində Təhsil ixtisası istiqaməti üzrə magistr təhsili alıb. O da Azərbaycana geri dönən gənclərimizdəndir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, APA-ya danışan Gözəl Səfərovanın sözlərinə görə, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq və bir çox Avropa ölkələrində təhsil xərcləri yüksəkdir:
 
“Bundan əlavə, həmin ölkələrdə yaşayış xərclərinin də yüksək olması xaricdə təhsili əlçatmaz edir. Lakin Dövlət Proqramı mənim kimi bir çox gəncin xaricdə təhsil arzusuna çatmağında böyük rol oynayır. Dövlət Proqramı məzunu olmağın bir çox üstünlükləri var. Bunlardan biri də dövlət qulluğuna müsabiqədənkənar qəbul olmaqdır”.
 
Həmsöhbətimiz bildirib ki, Dövlət Proqramı çərçivəsində təhsil aldığı müddətdə Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin ingilis dili müəllimi vakansiyasına müraciət edib:
 
“Düşünürəm ki, indiyə qədər əldə etdiyim biliklər və xarici universitetdə tələbə kimi qazandığım təcrübə Qarabağ Universitetinə müəllim seçilməyimdə önəmli rol oynayıb”.
 
Bir müddət əvvəl Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Bununla da Gözəl müəllim kimi daha çox gənc Dövlət Proqramından yararlanmaq şansı qazanıb.
 
Sərəncamdan sonrakı yeniliklər ilə bağlı Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib ki, 2022–2028-ci illərdə, hər il 500 nəfərədək gəncin xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin ediləcək:
 
“2024/2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə 125, magistratura təhsil səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. 2025-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək”.
 
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri xatırladıb ki, gənclərimiz dövlət hesabına dünyanın TOP10 siyahısına daxil olan nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanı əldə edirlər:
 
“Bu universitetlərin siyahısı ictimaiyyətə təqdim edilib. Sözügedən Dövlət Proqramına yalnız həmin siyahıda yer alan təhsil proqramlarından hər hansı birinə qəbul almış namizədlər müraciət edə bilərlər”.
 
Dövlət Proqramı iştirakçılarının üstünlük verdiyi prioritet ixtisas istiqamətlərinə gəlincə isə o qeyd edib ki, Böyük Britaniya və Şimali İrlandiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Almaniya və digər bu kimi nüfuzlu ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan təqaüdçülər əsasən informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili kimi ixtisaslara üstünlük veriblər:
 
“Elm və Təhsil Nazirliyi ilə bağlanılan müqavilənin müvafiq şərti də var ki, proqram iştirakçıları buna əməl etməlidir. İştirakçılar təhsili bitdikdən sonra 2 ay müddətində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. İş axtarışında olan gənclər üçün də müəyyən qədər təşviqedici tədbirlər icra olunur. Məzunların işlə təminatı Dövlət Proqramının şərtlərinə daxil olmasa da, dəstək verici layihələr və karyera sərgisi kimi tədbirlər tərəfimizdən təşkil olunur. Dövlət və özəl qurumlara məzunlarımızla bağlı referanslar verilir”.
 
Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində ayrılan 20% yeri kifayət qədər yaxşı göstərici hesab edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov bildirib ki, əvvəlki proqramda doktorantura üzrə olan vakant yerlərin hamısı dolmayıb.
 
O, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilməsi prioritet olan sahələrin hökumətin qəbul etdiyi strateji baxış sənədinə uyğun olaraq müəyyən edilməsi yanaşmasını vacib hesab edib:
 
“Texnoloji inkişaf əmək bazarına ciddi təsir edir, hətta xəyalımıza belə gətirmədiyimiz peşələrin qismən, ya da tam avtomatlaşdırılmasına gətirib çıxarır. Eyni zamanda yeni peşə və kompetensiyaların önə çıxmasına şərait yaradır”.
 
Proqrama doktorantura səviyyəsinin əlavə edilməsini Azərbaycanın qlobal bilik iqtisadiyyatında rəqabət gücünü artırmaq, tədqiqat imkanlarını inkişaf etdirmək və milli innovasiya ekosistemini gücləndirmək baxımından əhəmiyyətli hesab edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva qeyd edib ki, gənclərə beynəlxalq səviyyədə prestijli ali təhsil müəssisələrində təhsil almaq imkanı təqdim etmək ölkəmizin qlobal çağırışlara cavab verməsi baxımından vacib addımdır:
 
“Doktorantura təhsilinin fərdin, ölkənin və ümumilikdə cəmiyyətin inkişafında yeri danılmazdır. Elm əsaslı iqtisadiyyatlarda yüksək səviyyəli tədqiqatlar və innovasiyalar iqtisadi inkişafın və ictimai rifahın əsas hərəkətverici qüvvələridir”.
 
Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində nüfuzlu ali təhsil müəssisələrindən yüksək göstəricilərlə məzun olan gənclər təkcə iqtisadi deyil, sosial və mədəni inkişafa da xidmət göstərirlər.