Məktəblilərimizin uğurunun növbəti sədası bu günlərdə Moldovanın paytaxtı Kişinyov şəhərindən gəldi. Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) 3 məktəblimiz fərqləndi. Bakı şəhəri 157 nömrəli tam orta məktəbin IX sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu Liseyinin IX sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin IX sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazandı.
 
Gümüş medallı Həsən Vəliyev deyir ki, bu, onun ilk uğuru deyil: “Respublika fənn olimpiadasında qızıl medalım, “İDDA Cup” olimpiadasında ikinci dərəcəli diplomum var. "VEX5 robotiks" kateqoriyası üzrə “SAF-2023” festivalının finalında iştirak etmişəm. “SAF-2024”ə də qatılacağam”. 
 
Məktəbdəki, daha sonra olimpiadalardakı uğurları ilə diqqəti özünə cəlb edən Bakı məktəblisi Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində hazırlığa cəlb edilən şagirdlərdəndir.
 
İnformatikada parladığına baxmayın, ilk sevgisi riyaziyyata olub
 
Həsən Vəliyev 2009-cu ildə Bakıda doğulub. Məktəbə Bakıdakı 157 nömrəli tam orta məktəbdə gedib. Riyaziyyatı da elə burada sevib: “Uşaqlıqdan riyaziyyat elminə böyük marağım var. Çətin həlli olan riyaziyyat məsələlərini həll etmək çox maraqlıdır. Bu fənni mənə ilk müəllimim Ceyran Nağıyeva sevdirdi”.
 
 
12 yaşından başlayan kod yazmaq bacarığı informatikanın ağırlıq dərəcəsinin riyaziyyatı üstələməsi ilə nəticələnib. Olimpiada və bilik yarışlarına da elə informatikadan qatılıb: “İlk dəfə kod yazmağı 12 yaşımda özüm öyrənmişəm. Çox maraqlı gəlirdi alqoritm qurub kod yazmaq. Dərslərimi bitirən kimi boş vaxtımda kod yazırdım. İlk dəfə İnformatika olimpiadasına VIII sinifdən qatıldım”.
 
Həsən belə yarışlarda xüsusilə əhəmiyyət kəsb edən komandada işləmə bacarığından danışıb: “Məktəbimizdə komanda yaratmışıq. Bu, robototexnika yarışlarına qatılaraq birlikdə uğur qazandığımız bir komandadır. Ancaq son iştirak etdiyim Yeniyetmələrin Avropa İnformatika Olimpiadasına (EJOI 2024) seçilərək qatıldıq. Komanda üzvləri ilə xüsusi seçim prosesinin nəticəsi olaraq bir araya gəlsək də, biri-birimizi hazırlıqlardan tanıyırdıq. Amma eyni komandada ilk dəfə yarışdıq və bir-birimizi başa düşərək uğur qazana bildik”.
 
"Gələcəkdə alim olacağam"
  
“Komputerə həmişə marağım olub”, - deyən Həsən Vəliyev gələcəyini də bu sahədə görür, özü də alim kimi: “Amerikada təhsil almaq istəyirəm. Gələcəkdə alim olacağam”.
 
Alimlik sadəcə istedad deyil, uzun müddət araşdırmaq, tədqiqat bacarığı da tələb edir: “Bu bacarığım da var. Anam biologiya müəllimidir. Oxumağıma, araşdırmalar etməyimə daim kömək edib. Onunla birlikdə araşdırmağı, maraqlandığım sualın cavabını tapmağı öyrənmişəm. Bu prosesi sevirəm. Bunun üçün həvəsim də var, marağım da”.
 
 
Sabahın alimi özünü başqa beynəlxalq olimpiadalarda da sınayacaq: “Bundan sonra da beynəlxalq yarışların seçim turlarına qatılacağam və ölkəmi təmsil edəcəyəm”.
 
Yeni tədris ilinə yeni hədəflərlə başlayan Həsən ötən tədris ilini böyük nailiyyətlərlə başa vurduğunu deyib: “Buraxılış imtahanlarında 260 bal topladım. Heç hazırlaşmadım, ona görə belə oldu. Hazırlaşsam, daha yüksək bal yığa, ən yüksək nəticə göstərənlərdən biri ola bilərdim. Məktəbdə bütün fənləri yaxşı oxuyuram. XI sinif buraxılış imtahanlarında daha yüksək nəticə əldə edəcəyimi düşünürəm. İnformartika dahisi məktəbdənkənar maraqlarından da danışıb: “Üzgüçülüyə böyük həvəsim var. Üzməyi hələ uşaqlıqdan öyrənmişəm. Dərslərdən boş vaxt tapanda üzürəm, amma bu, az-az hallarda olur. Amma kitab oxumağa vaxt həmişə var. Uşaqlıqdan kitab oxumağı çox sevirəm. Xarici müəlliflərin bir sıra əsərlərini oxumuşam”.
 
Məlumat üçün qeyd edək ki, məktəblilərimiz sözügedən olimpiadada 2017-ci ildən iştirak edirlər və bu vaxta kimi 4 gümüş, 8 bürünc medal qazanıblar. İndiyədək ölkə üzrə fərqli yaş qruplarından olan şagirdlərimiz müxtəlif miqyasda keçirilmiş proqramlaşdırma müsabiqələrində ümumilikdə 77 medal əldə ediblər.
 
Ruhiyyə DAŞSALAHLI