Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr edilmiş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı 11-ci Beynəlxalq konfransın açılış mərasimi keçirilib.

 

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, konfransın “Biologiyada nailiyyətlər və çağırışlar” kimi adlandırılması təsadüfi deyil:”Ölkəmizdə dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Həyat elmləri və biologiya BDU-nun təbiət elmləri sahəsində 5 əsas elmi prioritetindən biridir. Təsadüfi deyil ki, BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Aqrar sahədə müasir molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə yeni genotiplərin yaradılması, ümumilikdə ölkəmizdə qida təhlükəsizliyinə töhfə vermək məqsədilə Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb və hazırda strukturu formalaşdırılır. Bu, yeni biotexnoloji metodların inkişafına və biotexnologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına təkan olacaq”.

 

Rektor vurğulayıb ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. BDU 2022-ci ildə İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul olunub və ICESCO tərəfindən ali təhsil müəssisələri üçün Açıq Təhsilin İnkişafı layihəsi çərçivəsində tədqiqatçı-alimlərə aid təşkil olunacaq treninqlərdə, həmçinin dünyanın ən nüfuzlu ali təhsil ocaqları və elmi-tədqiqat müəssisələri ilə aparılacaq təcrübə mübadiləsində fəal şəkildə iştirak edəcək. Azərbaycanda yalnız BDU-da ICESCO-nun Biotibbi materiallar kafedrası yaradılıb və kafedra artıq fəaliyyət göstərir: “Biotibbi materialar kafedrasının yaradılmasının təkcə Azərbaycanda deyil, islam dünyası ölkələrində biotibb elminin inkişafına əlavə təkan verəcəyinə əminik. Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və əməkdaşlığın qurulmasına da yardım göstərəcək”.

 

İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusif Baran həm Azərbaycanın, həm də Asiyanın ən yaxşı universitetlərindən olan BDU-da keçirilən konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Yer üzündə yasamın biologiya elmi ilə bağlı olduğunu bildirən Yusif Baran qeyd edib ki, mühüm elmi problemlərin və çağırışların müzakirə ediləcəyi konfrans iştirakçı universitetlər arasında güclü əməkdaşlıqların da başlanğıcı olacaq.

 

Daha sonra Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin deputatı, BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Bolqarıstanın Mikrobiologiya İnstitutunun əməkdaşı Lyudmila Kabaivanova, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Hüceyrə Biologiyası və Biotexnologiyaları İnstitutunun direktoru Rahmetkaji Bersimbay, V. Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev, AMEA-nın Biofizika İnstitutunun direktoru Oqtay Qasımov, BDU-nun biologiya fakültəsinin dekanı Afət Məmmədova, Mirəli Axundovun övladı, Genetika və təkamül təlimi kafedrasının professoru Ellada Axundova çıxışlarında biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

 

19 xarici ölkədən (Türkiyə, Fransa, İspaniya, Koreya, Serbiya, Bolqarıstan, Pakistan, Mərakeş, Hindistan, Belarus, Polşa, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan) ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinlənilir.

 

Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahələrin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları olacaq.

 

Konfrans öz işini sabah da davam etdirəcək.