Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kompüter elmləri ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri Elgün Həsənov və Fətulla Bəşirovun “Insurize” komandası PAŞA Holding və PAŞA Life tərəfindən təşkil olunan PAŞA Hakatonunda 2-ci yeri qazanıb.

 

Tələbələr öz təəssüratlarını belə bölüşüb:

 

Elgün Həsənov: “Komandamız hakatonda 11 ölkədən 656 müraciətçi və 179 iştirakçı arasında 2-ci yeri qazanıb. Komandanın kapitanı olaraq komanda yoldaşlarımla birlikdə işləməkdən böyük məmnunluq duydum. Bütün komanda yoldaşlarıma ruhdan düşmədikləri və həvəsləndirici iş ruhu yaratdıqları üçün təşəkkür edirəm. Bu, bizim üçün gözəl və unudulmaz təcrübə idi. İki gün ərzində biz xüsusi seqmentlər üzrə həyat sığortası məhsullarının (əsasən risk) artan nüfuzu üçün yeni yanaşma tapmaq yolunda intensiv işlədik. Həyat sığortasına münasibəti kökündən dəyişdirən, onu demək olar ki, hər kəs üçün əlçatan və ağıllı edən layihəmizin adı "İnsurize" idi. Münsiflər heyətinin üzvləri və investorlar layihəmizin ideya və konsepsiyasına maraq göstərdilər. Qeyd etmək istərdim ki, Azərbaycandan ilk 3-lüyə daxil olan yeganə komanda bizik. Yüksək səviyyədə təşkil olunmuş tədbirə və qayğıya görə təşkilatçılara təşəkkür edirəm. UFAZ rəhbərliyinə komandaya işləmək üçün yer ayırdıqları və hər hansı digər ehtiyacla bağlı göstərdiyi daimi köməyə görə də xüsusi təşəkkür edirəm".

 

Fətulla Bəşirov: "Əvvəla, komandamızın bütün üzvlərinə təşəkkür etmək istəyirəm. Mən komandada həmtəsisçi və Data Scientist vəzifəsində idim və bir neçə meyar əsasında maraqlı tərəflərin təsnifatının müəyyən edilməsi prosesi olan anderraytinq prosesində dəqiq hesablamaların aparılmasına kömək edirdim. Əslində, hakatonlarda qalib olmaq həmişə çətin olur, bu, uzun beyin fırtınası prosesinin, mentorlardan alınan bütün rəylərin düzgün işlənməsinin, davamlı araşdırmaların və yuxusuz gecələrdə gərgin işin nəticəsidir. Yüksək səviyyədə təşkil etdikləri tədbir üçün təşkilatçılara da təşəkkür etmək istəyirəm”.