Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru və nümayəndə heyəti Özbəkistanda səfərdə olublar.

 

Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Dünya alimlərinin nəzərində Kəmaləddin Behzad yaradıcılığı” adlı Beynəlxalq elmi konfrans keçirilib.

 

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva-Kəngərli, Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri Aslan Xəlilov və ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikova-Qurbanova institutun rektoru A.Mirzorəhimovun xüsusi dəvətiylə konfransda iştirak ediblər.

 

Konfransda hər iki universitetin rektorları arasında qarşılıqlı münasibətlərə dair Anlaşma memorandumu imzalanıb. Universitetlər arasında incəsənət təhsili sahəsindəki  qarşılıqlı əlaqələrin gələcəkdə hər iki ölkənin təsviri incəsənət sahəsindəki inkişafı və təbliğatında önəmli rolu olacağına inanıldığı qeyd olunub.
 

Konfransın sonunda ADMİU-nun nümayəndə heyəti Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rəhbərliyi tərəfindən “Təşəkkürnamə”lərlə təltif ediliblər.