"Əhməd Cavad və onun yaradıcılığı" mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi sektorunun müdiri Sevinc Rəsulova, İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə keçirilən elmi-praktik konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

"Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev qonaqları salamlayıb və konfransın məqsədi barədə ətraflı məlumat verib. S.Şahverdiyev Əhməd Cavadın 130 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunmasının, onun yaradıcılığının şagirdlərə aşılanmasının vacibliyini vurğulayıb.

 

Tədbirdə çıxış edən BŞTİ-nin Ümumi sektorunun müdiri Sevinc Rəsulova Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən söz açıb. Sektor müdiri görkəmli şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu yolundakı fəaliyyətinin bütün nəsillər üçün hər zaman örnək olduğunu qeyd edib.

 

Konfransda 28 nömrəli tam orta məktəbin direktoru Qənirə Əmircanova, 307 nömrəli tam orta məktəbin müəllimi Afət Məmmədova, 72 nömrəli məktəb-liseyin şagirdi Fatimə Nuri, 192 nömrəli tam orta məktəbin şagirdi Səkinəbəyim Cəfərova, 307 nömrəli tam orta məktəbin şagirdi Abbas Əmirlinin böyük şair Əhməd Cavada həsr olunan çıxışları dinlənilib.

 

Sonda 307 nömrəli tam orta məktəb tərəfindən hazırlanan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə həsr olunan videoçarx nümayiş olunub.