Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

 

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, direktorlar, müəllimlər və qalib adını qazanan məktəblərin şagirdləri iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik edərək hər birinə uğurlar arzulayıb. Şagirdlərin dünyagörüşünün, biliyinin və mənəvi aləminin zənginləşməsində mütaliənin rolunun əvəzsiz olduğunu deyən İdarə müdiri bu baxımdan “Mənim gündəliyim” oxu və yaradıcılıq  müsabiqəsinin məktəbliləri mütaliəyə həvəsləndirdiyini, cəmiyyətdə kitaba olan marağın artırılmasına xidmət etdiyini nəzərə çatdırıb.

 

Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Ümumi sektorun müdiri Sevinc Rəsulova müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə və yaradıcılıqda uğurlar arzulayıblar.   

 

Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən qaliblərə medallar təqdim olunub, xüsusi fəallığı ilə fərqlənənlər isə Tərifnamə və Təşəkkürnamə ilə təltif ediliblər.

 

Şagirdlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonrakı təhsil fəaliyyətlərində daha da əzmlə çalışacaqlarını ifadə ediblər.

 

Tədbir şagirdlərin ifasında “Cəngi” rəqsi ilə başa çatıb.