Dövlət İmtahan Mərkəzində (DİM) ədəbiyyat, ingilis dili, fransız dili və kimya fənni üzrə işçi qruplarının iclasları keçirilib. İclaslarda gündəlik məsələlər ingilis dili və fransız dili fənlərindən tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış, ədəbiyyat və kimya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının müzakirəsi olub.

 

DİM-dən bildirilib ki, ingilis dili, fransız dili və kimya fənlərindən proqramların müzakirəsi yekunlaşıb. İngilis dili və fransız dili fənlərindən ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, kimya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramları (I və IV ixtisas qrupları üzrə) isə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.

 

Növbəti iclaslarda qeyd edilən fənlərdən imtahan modelləri əsasında hazırlanmış tapşırıqların müzakirəsi aparılacaq.