Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı görüşlər son illər dinamik xarakter daşıyır. Bu görüşlər xüsusilə II Qarabağ savaşından sonra daha da intensivləşib. Sözsüz ki, ikitərəfli görüşlər Rusiya-Azərbaycan arasında əlaqələrin müsbət istiqamətdə inkişafına, əməkdaşlığın yeni mərhələlərinin başlanmasına imkanlar yaratmaqla, Ermənistan-Azərbaycan münasibətlərində müsbət səhifənin açılmasına da əhəmiyyətli təsir göstərir. Çünki bu görüşlərdə Ermənistan tərəfinin də iştirakı hər dəfə təmin olunur, müzakirəsi vacib məsələlər birlikdə diqqətdə saxlanılır.

 

Təbii ki, bu ardıcıl görüşlər 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin davamı kimi gündəmə gəlir və münaqişənin başa çatmasından sonra aktuallıq qazanan məsələlərin razılaşdırılmasına, konkret addımların atılmasına göstərilən səylərlə müşayiət olunur. Göründüyü kimi, bu format işlək bir formatdır və Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin, Rusiya Prezidentinin sonuncu Soçi Bəyanatı da bunu belə qiymətləndirməyə əsas verir.

 

Soçi Bəyanatı ictimaiyyətə nəyi anlatdı?

 

Onu anlatdı ki, tərəflər vacib prinsiplərə sadiq qalmaq öhdəliyi götürdülər.

 

Vacib prinsiplər dedikdə isə:

 

-Azərbaycan-Ermənistan münasibətləri kompleks şəkildə normallaşdırılmalıdır;

-Sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməlidir.

 

Sadiqlikdən başqa, bir məqam üzrə razılaşma da əldə olundu. Bu, ondan ibarətdir ki, humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərilməlidir.

 

Bundan başqa, beynəlxalq hüquq və normalara sadiqliyə əməl etmək vacibdir. Yəni, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən həllini tapmalıdır. Ortada BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi var və bu bəyannamələrə uyğun olaraq suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələləri qarşılıqlı tanınmaqla müzakirə edilib çözülməlidir.

 

Daha vacib məqam, sözsüz ki, sülh müqaviləsi ilə bağlıdır. Müharibənin bitməsindən iki il ötür, amma müqavilə hələ də imzalanmayıb. Bilirik ki, Azərbaycan iştirak etdiyi bütün platformalarda, Avropa təşkilatları müstəvisində və Qərb siyasətçiləri ilə aparılan danışıqlarda da etibarlı sülh, gərəkli barışıqla bağlı  öz mövqeyini açıq şəkildə səsləndirir və bu yöndə real addımlar atmağa hazır olduğunu səmimiyyətlə nümayiş etdirir. Lakin Ermənistan sülh müqaviləsi məsələsində səmimiyyət ortaya qoymur, verdiyi vədlərdən qaçır. Soçi görüşündə bu məqam üzərində də dayanıldı. Bildirildi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Bu, əslində Ermənistan tərəfə bir xəbərdarlıqdır. Çünki regionda davamlı və uzunmüddətli sülh üçün bu, vacib şərtdir və Ermənistandan konkret mövqe tələb edir. Ermənistan öz tərəddüdləri, pozucu davranışları ilə sülh müqaviləsinin imzalanmasını arxa plana keçirə bilməz, bu prosesin dayanması, ilk növbədə Ermənistanın özünün mənafeələrinə ziddir. Rusiyanın sülhdəki  rolu isə məqbul həll yollarının axtarışında tərəflərə dəstək verməkdir və Rusiya buna hər vasitə ilə kömək göstərməyə hazır olduğunu bəyan edir.

 

Soçi görüşündə razılaşdırılan məqamlardan biri də işlək dialoqa nail olmağın önəmidir. İşlək dialoq nədir? Azərbaycanla Ermənistanın ictimaiyyəti və ekspert birliklərinin nümayəndələri, eləcə də dini liderləri arasında dialoq davam etdirilsin, həmçinin üçtərəfli parlamentlərarası əlaqələr yaransın. Çünki iki ölkənin xalqları arasında etimad möhkəmlənməlidir və bunun üçün müsbət ab-hava formalaşmalıdır. Rusiya bu istiqamətdə də öz köməyini təklif edir.

 

Soçidə təkrar razılaşdırılan, təklif olunan bütün variantlar bölgənin xeyrinə, dövlətlərin münasibətlərinə, hərtərəfli əlaqələrinin inkişafına xidmət edir. Qalır, Ermənistanın bu razılaşmalara, təkliflərə gerçək sadiqlik ortaya qoymasına. Bunu isə zaman göstərəcək.

 

V.ALLAHVERDİYEVA