ADPU-da professor Mahirə Hüseynovanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı, Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın həyat və yaradıcılığına həsr olunmuş "Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar" adlı ədəbi-bədii tədbir keçirilib.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Mahirə Hüseynovanı doğum günü münasibətilə təbrik edərək bildirib ki, o, həm Pedaqoji Universitetin məzunu olub, həm də bu gün bu ali təhsil ocağına ləyaqətlə xidmət edir:”Gözəl pedaqoq və tanınmış ictimai xadim olmaqla yanaşı, həm də görkəmli alim, məhsuldar şairə kimi müasir Azərbaycan filologiya elmində və poeziyasında ən tanınmış imzalardan biridir”.

 

Professor Mahirə Hüseynovanın həyatı, elmi-pedaqoji və bədii fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişindən sonra Odlar Yurdu Universitetinin professoru Rüstəm Kamal M.Nağıqızının "Onun daş nağılı" əsərinin təhlili əsasında şairənin bədii yaradıcılığının əsas cizgilərindən söz açıb. Məruzəçi qeyd edib ki, Mahirə Nağıqızı yaradıcılığında Vətən, ana və sevgi mövzuları əsas xətt kimi keçir, bununla belə, həssas peyzaj təsvirləri şairənin poetik ustalığının təzahürüdür:” Peyzajlarda payızın təsviri sanki daxili həsrətin, ayrılığın, nisgilin bədii inikasıdır”.

 

Respublikanın Əməkdar artisti Azad Şükürovun sevilən şairənin "Vətən" və "Vətən, ay Vətən" şeirlərini ifa etməsi tədbirdə gözəl ovqat yaradıb.

 

Sonra ADPU-nun professoru Mirvari İsmayılova  M.Hüseynova və onun ADPU-da fəaliyyəti ilə bağlı məruzə edib.

 

Tədbir çərçivəsində Mahirə Hüseynova səmərəli fəaliyyətinə və yüksək nailiyyətlərinə görə ADPU-nun rektoru, professor C.Cəfərov tərəfindən universitetin “Fəxri Fərman”ı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva tərəfindən Mərkəzin “Fəxri Fərman”ı, ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri, dosent Vaqif Əliyev tərəfindən “Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Komitəsinin 100 illik yubileyi” medalı və ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev tərəfindən filialın “Fəxri Fərman”ı ilə təltif olunub.

 

Tədbir tanınmış incəsənət ustalarının və fakültənin “Meh” ədəbi dərnəyinin üzvlərinin təqdimatında bədii proqramla başa çatıb.