Amerikanın diplomatik nümayəndəsi Huqo Gevara Azərbaycan Dillər Universitetində olub


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ilə görüşüb. 

 

Görüşdə rektor ABŞ və Azərbaycan arasında əlaqələrdən danışıb, Azərbaycanın dünya ölkələri arasında vacib siyasi, iqtisadi, mədəni addımlar atdığını və sülhsevər qüvvələr tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb:

 

“Azərbaycan Dillər Universitetinin Amerikanın bəzi elmi qurumları ilə əlaqələri mövcuddur. Amerikalı tələbələr bizim Yay Məktəbimizdə iştirak ediblər, mən bir neçə dəfə onlarla görüşüb fikir mübadiləsi aparmışam. Universitetimizdəki Bakı Amerika Mərkəzi layihələrimizin həyata keçirilməsində bizə yaxından dəstək verir. Tələbələr, müəllimlər bu mərkəzin potensialından çox faydalı şəkildə istifadə edirlər...Biz Amerika kimi qüdrətli dövlətə həmişə ümid və etimadla baxmışıq. Azərbaycan ziyalıları inanıblar ki, Amerika kimi qüdrətli dövlət hər zaman haqqın, ədalətin yanında olacaq. İnanırıq ki, ABŞ bizim haqq işimizə öz töhfəsini verəcək, gələcəkdə sülh şəraitində bölgənin inkişafına təkan verəcək addımlar atacaqdır. Ümid edirik ki, elmi, mədəni əlaqələrimiz daha da inkişaf edəcəkdir”.

 

K.Abdulla H.Gevaranı ADU-nun “Səfir saatı” layihəsi çərçivəsində tələbələrə mühazirə oxumaq üçün yenidən universitetə dəvət edib.

 

ABŞ-nin  müvəqqəti işlər vəkili Hüqo Gevara səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, iki ölkə arasında elmi, mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Gələcəkdə də bu əlaqələrin inkişaf edən xətlə davam edəcəyinə əminlik vurğulanıb. Qonaq “Səfir saatı” layihəsinə dəvət üçün təşəkkürünü bildirib və böyük məmnuniyyətlə bu layihədə iştirak etmək istədiyini söyləyib.

 

Qonaq daha sonra Bakı Amerika Mərkəzinin könüllüləri və kollektivi ilə görüşüb.