Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Hitit Universiteti arasında əməkdaşlıq haqqında memorandum, tələbə mübadiləsi haqqında memorandum və “Erasmus+” mübadilə proqramı haqqında müqavilənin imzalanması mərasimi keçirilib.

 

İmzalanma mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Hitit Universitetinin rektoru Ali Osman Öztürk, Çorum Valisi Mustafa Çiftçi, Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın və digər şəxslər iştirak ediblər.

 

Rektor V.Vəliyev hazırda AzTU ilə Türkiyənin nüfuzlu universitetlərinin əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb. Bildirib ki, Türkiyə universitetləri ilə ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi, universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. AzTU və Hitit Universitetinin müvafiq ixtisasları ilə bağlı da yeni əməkdaşlıq istiqamətlərinin qurulması üçün mövcud imkanların olduğu vurğulanıb.  

 

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib ki, AzTU-nun Türkiyə universitetləri ilə həyata keçirdiyi layihələrdə hər zaman yaxından iştirak edir və bu əməkdaşlıq əlaqələri iki qardaş ölkənin təhsil sahəsinin inkişafına mühüm töhfələr verir. Səfir deyib ki, Hitit Universiteti ilə də başladılan yeni əməkdaşlıq əlaqələri hər iki ali məktəbin müvafiq istiqamətlərdə inkişafına səbəb olacaq.

 

Rektor Ali Osman Öztürk Hitit Universiteti haqqında ətraflı məlumat verərək qeyd edib ki, universitet regionun inkişafı üçün kadr hazırlığını həyata keçirir və sənaye ehtiyaclarını təmin etmək istiqamətində fəaliyyətlər qurur.

 

Çorum Valisi Mustafa Çiftçi və Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın çıxışlarında dövlət-universitet-özəl sektor işbirliyinin regional inkişafda əhəmiyyətindən, Çorum bölgəsində mövcud modelin xüsusiyyətləri və  üstünlüyündən bəhs ediblər. Bu modelin hər iki universitetin inkişafına töhfə verə biləcəyini bildiriblər.

 

Görüşdə AzTU və Hitit Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi, universitet-sənaye işbirliyinin inkişafı və sənaye nümunələrinin hazırlanması ilə bağlı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması müzakirə olunub.

 

Daha sonra hər iki universitet arasında müvafiq sənədlər imzalanıb.