“Təhsildə Yeni Çağırışlar” III Beynəlxalq Forumu keçirilib


Noyabrın 5-i Azərbaycanın təhsil tarixində növbəti dəfə çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, həmin gün Bakı Avropa Liseyində keçirilən “Təhsildə yeni çağırışlar” III Beynəlxalq Forumu dünya şöhrətli spikerlərin çağırışları, əhatəliliyi, iştirakçı sayı, mötəbərliliyi, gündəmə çıxardığı məsələlərin aktuallığı baxımından çox yüksək qiymətləndirilə bilər. Elm və təhsil naziri Emin Əmrullayev, İƏİT təmsilçiləri, 20-ə yaxın ölkənin nümayəndələri, ali məktəblərin rektorları, professor, elm və təhsil xadimləri, müəllimlər, məktəb direktorları və digər qonaqların iştirak etdiyi forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub.  Qeyd edək ki, “Təhsildə yeni çağırışlar” III Beynəlxalq Forumu Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı ilə hibrid formatda keçirilib. Forumun informasiya tərəfdaşı Təhsil TV, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalı olub. Forum YouTube üzərindən Təhsil TV vasitəsilə canlı yayımlanıb.

 

“Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak bizi qlobal təhsil sisteminin bir üzvünə çevirir”

 

Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara və spikerlərə təşəkkür edib, müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını vurğulayıb.

 

Beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışan nazir bildirib ki, bu tədqiqatlarda iştirak bizi qlobal təhsil sisteminin bir üzvünə çevirir, eyni zamanda müxtəlif ölkələrdən olan həmkarlarla fikir mübadiləsi aparmaq imkanı yaradır. Emin Əmrullayev diqqətə çatdırıb ki, son bir neçə il ərzində PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ölkədə təhsilin inkişafının əsas hədəflərindən biri kimi müəyyən olunub. Nazirin sözlərinə görə, PISA bizə yalnız rəqəm deyil, həm də kifayət qədər ciddi elm və dəlillər verir.

 

Elm və təhsil naziri çıxışında onu da qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təhsilin ayrıca bölmə kimi yer alması, hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur. Emin Əmrullayev çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.

 

Daha sonra iştirakçıları salamlayan “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri və beynəlxalq forumun moderatoru Cəfər Mənsimi forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirilib ki, forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030:  sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini, İƏİT-in “Təhsil və bacarıqların gələcəyi - 2030” sənədini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini rəhbər tutur. “Daha təhsilli gələcək” şüarı altında baş tutan forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edib.

 

Forumun müzakirə çərçivəsində “Rəqəmsal dünyada öyrənmə necə təşkil olunmalıdır?”, “Təhsildə yeni çağırışlar təhsilin məqsəd və vəzifələrini hansı istiqamətdə dəyişir?”, “Məktəb həyatından həyat məktəbinə keçid etmək üçün hansı yeni çağırışlara cavab vermək lazımdır?”, “Gələcəyə necə insan hazırlamalıyıq?” sualları əsas yer alıb. C.Mənsimi forumun 8 Noyabr Zəfər Günü ərəfəsində keçirilməsindən şərəf hissi duyduğunu qeyd edərək 1-4 noyabrda MDB məkanında ilk dəfə olaraq PISA Proqramının Azərbaycanda idarə heyətinin yaradılmasına dair keçirilmiş iclası tarixi hadisə adlandırıb.

 

Biz qlobal icma olaraq sülh, davamlılıq və dayanıqlılıq, ədalət üçün çalışmalıyıq

 

Foruma onlayn qatılan UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndirib. Stefania Giannini bildirib ki, təhsil sosial xidmətdir və rəqəmsal inqilabdan təhsil üçün istifadə etmək əsas hədəf olmalıdır. O, əlavə edib ki, auditoriyada, sinif otağında təcrübəli, bacarıqlı müəllimlər təhsil sisteminin idarəçisi kimi əsas rol oynamalıdırlar. UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini diqqətə çatdırıb ki, dünyada 144 milyon uşaq və gənc hələ də  məktəbdən kənardadır və 10 yaşına qədər 10 uşaqdan 6-sı ən sadə hekayələri belə oxumaq iqtidarında deyil. Bu baxımdan, xanım Giannini bütün öyrənənlər üçün mütləq olaraq öyrənmə mühitinin təmin olunmasının, pedaqoqların isə təlim vasitəsilə daha da püxtələşməsinin vacibliyini bildirib.

 

Stefania Giannini qeyd edib ki, gələcəyin çağırışları baxımından rəqəmsal texnologiyadan bir sıra məqsədlər üçün istifadə etmək olar və hər bir halda müstəsna bacarıqları olan müəllimlərə ehtiyac vardır. Giannini deyib: “Təhsil sırf nazirlik və hansısa dairələrin çərçivəsində deyil, daha da geniş hüdudlara çıxır. Biz qlobal icma olaraq sülh, davamlılıq və dayanıqlılıq, həmçinin ədalət üçün çalışmalıyıq”.

 

Stefania Giannini Azərbaycan hökuməti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə təhsil üzrə bölmənin daxil edilməsini və bu sahədə həyata keçirilən işləri yüksək qiymətləndirib.

 

“Məktəb tək şagirdlər üçün deyil, hər kəs üçün öyrənmə məkanı olmalıdır”

 

Daha sonra forumun əsas məruzəçisi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin Təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru, Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (PISA) yaradıcısı və direktoru Andreas Şleyxer “Öyrənənləri gələcəyə necə hazırlayaq?” mövzusunda geniş təqdimatla çıxış edib.

 

Andreas Şleyxer qeyd edib ki, təhsil bizdən fərqli olanları dinləmək, onlardan da öyrənmək imkanıdır. Spiker qonaq deyib: “Rəqəmsal dünyada bacarıqlar, inkişaf baxımından biz yetərincə bilik verə bilmirik. Biz gəncləri öncədən hazırlanmış kontentin passiv istehlakçısına çevirmişik. Apardığımız tədqiqatlara əsasən 15 yaşlı şagirdlərin 10 yaşlılardan daha az kreativ olduqlarını aşkarlamışıq. Biz düşünürük ki, kreativlik şəxsi keyfiyyətdir. Lakin bilmək lazımdır ki, kreativlik məktəb kurikulumunun bir hissəsi olmalıdır. Uşaqları məktəblərə verdikdən sonra biz onların bədahətən gələn uşaqlıq qabiliyyətinin, kreativlik həvəsinin qarşısını alırıq, onlara bunu unutdururuq”.

 

A.Şleyxerin fikrincə, texnologiya getdikcə daha da demokratiyalaşdırılır, insanları birləşdirir, burada hər kəsin iştirakı təmin olunur. Həmçinin texnologiya konsentrasiyanı artırır, yəni uğur qazananlar daha da məşhurlaşır. Eyni zamanda texnologiya eyniləşməyə gətirir, fərdi cəhətdən fərqlənmək daha da çətinləşir. PISA-nın yaradıcısı vurğulayıb ki, şagirdlər texnologiyanın məntiqini başa düşməli, alqoritmləri anlamalıdırlar. İnsanların texnologiyanın önündə getməsi üçün Şleyxer təhsil sistemini tərəqqi etməyi, avtomatlaşdırma riskinə qarşı ən yaxşı yol olaraq insanların məhz təhsil almasını, maariflənməsini tövsiyə edib. A.Şleyxer müəllimləri tədris etməklə yanaşı, şagirdlərin kimliyini başa düşməyə, şagirdlərin həyat səyahətində onlara yoldaş olmağa səsləyib.

 

Hazırda əmək bazarında qütbləşmə olduğunu qeyd edən məruzəçi  bildirib ki, düzgün bacarıqlara sahib olanlar daha da zənginləşir, sahib olmayanlar fürsətlərdən məhrum olurlar. O, bunu ən böyük risklərdən biri adlandıraraq təhsilin bərabər olmamasının deyil, onun fəsadlarının daha acınacaqlı ola biləcəyini vurğulayıb. A.Şleyxer əsas səbəbin insanların bacarıqlarının daha az olmasından irəli gəldiyini deyib: “İnsanlar öz kreativ bacarıqlarına investisiya edirlər və kifayət qədər uğurlu yoldadırlar. İncəsənət ekstrakurikulum fəaliyyəti deyil, kurikulum mərkəzində olan bir dissiplin olmalıdır. İnnovasiyalar buradan gəlir və buradan qidalanır. Məktəblər rəqəmsal transformasiyaya qədəm qoyublar. Biz texnologiyanı inteqrasiya edib təhsilin gücü ilə birləşdirə bilərik”.

 

A.Şleyxer onu da vurğulayıb ki, texnologiya müəllimlər arasında əməkdaşlıq baxımından da olduqca faydalıdır. Müəllimlər tək texnologiyanın istifadəçisi kimi qalmamalı, həmçinin onun tərtib olunmasında, dizaynında da iştirak etməlidirlər. A.Şleyxerin sözlərinə görə, Çin, Sinqapur, Koreya kimi ölkələrin şagirdlərinin 3/2-si rəqəmsal dünyada faktı rəydən ayıra, texnologiyadan düzgün istifadə edə bilir, digər ölkələrin şagirdlərinin böyük əksəriyyəti isə buna hazır deyil. Andreas Şleyxer deyib: “Rəqəmsal texnologiya rəqəmsal vətəndaşlıq tələb edir və biz buna daha çox sərmayə ayırmalıyıq ki, gənclərimiz sabahın texnoloji məhsullarının yaradıcıları olsunlar. Təhsil ictimai məhsul olaraq bütün cəmiyyətin maraqlarına, mənafeyinə cavab verməlidir”.

 

PISA yaradıcısı şagird və tələbələrdə sosial, emosional, koqnitiv fikir və bacarıqları inkişaf etdirməyə ehtiyac duyulduğunu qeyd edib və bunu zamanımızın çağırışı adlandırıb. Artıq hər şeyi bilməyin kifayət etmədiyini bildirən qonaq müəllim və şagirdləri dissiplinar bilikləri öyrənməklə kifayətlənməməyə, alim kimi düşünməyə, elmi cəhətdən araşdırma tələb edən suallar verməyə çağırıb və söyləyib ki, müasir dünya sahib olduğun bilikdən düzgün istifadə etmək, onu düzgün şəkildə tətbiq etməkdir. Tədqiqatçı təhsil tarixində buraxılan ən böyük səhvlərdən birinin qiymətləndirmə ilə təhsilin ayrılmasında olduğunu bildirib, illər boyu çox süni qiymətləndirmə aparıldığını dilə gətirib.

 

“Həqiqi çağırış daha dərindən öyrətmək, təhlil etmək, düşünmək bacarıqlarını aşılamaqdan, fənlərarası düşünmə qabiliyyətini inkişaf etdirməkdən ibarətdir. Dəyərlərin tapılmasında, düzgün istiqamətin müəyyən olunmasında təhsilin çox böyük rolu vardır. İnnovativ öyrənmə şəraitində bu missiyada müəllimlərə necə dəstək olacağımız barədə düşünməliyik ki, müəllimlər bütün fəaliyyəti boyu öz üzərində işləsinlər, ixtisas artırsınlar. Məktəb tək şagirdlər üçün deyil, hər kəs üçün öyrənmə məkanı olmalıdır” - fikirləri ilə Andreas Şleyxer əhatəli təqdimatını başa vurub.

 

“Süni zəka və maşın öyrənməsi bəşəriyyətin məqsədlərinə xidmət etməlidir”

 

Beynəlxalq Forumda Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PISA üzrə koordinatoru Maye Kitsinq  “Gələcəyi bu gün yaradırıq: Estoniyada təhsilin keyfiyyətini artırmaq üçün hazırkı qərarlar və planlar” mövzusunda təqdimatla çıxış edib. Estoniya təcrübəsini bölüşən qonaq son 30 il ərzində ölkədə üç yanaşma metodundan istfadə barədə məlumat verib. Bunlar bütün sinfə yanaşma, qruplara bölünmə yanaşması, 2014-cü ildən isə həyat boyu yanaşma metoduna keçid və fərdi şəkildə öyrənməni dəstəkləyən yanaşma tərzinin tətbiq edilməsi olub.

 

Xanım Kitsinq COVID-19 pandemiyasından sonra artıq hər kəsin rəqəmsal alətlər yaratmalı, müəllim və şagirdlərdə rəqəmsal bacarıqları artırmalı olduğunu başa düşdüyünü deyib. O  bildirib ki, Estoniyada bu məsələ artıq təhsilin ayrılmaz hissəsinə çevrilib və ölkənin bütün məktəblərində texnoloji sahədə proqramlar mövcuddur.

 

Maye Kitsinq  qeyd edib: “Süni zəka və maşın öyrənməsi kimi digər yeniliklər bəşəriyyətin məqsədlərinə xidmət etməlidir. 1996-cı ildən bəri biz nəticəəsaslı kurikulum seçmişik. Bu kurikulum ümumi səriştələri (öyrənmə, dəyərlər) və sonrakı törəmə səriştələri özündə ehtiva edir”. Estoniyalı məruzəçi ölkəsindəki məktəblərin yüksək səviyyədə müstəqilliyə sahib olduğunu diqqətə çatdırıb.

 

Kurikulumdan kənar fəaliyyətlərə yönəlmiş istiqamət haqqında da məlumat verən Kitsinq burada məqsədin rəsmi və qeyri-rəsmi təhsilə inteqrasiya edilməsi olduğunu bildirib. Bəzi kurikulum dəyişikliklərinin məktəb həyatının həyat məktəbinə çevrilməsinə yönəlməsinə diqqət çəkərək düşünmə bacarıqlarının formalaşmasına, fərdi, kreativ bacarıqların inkişaf etdirilməsinə önəm verdiklərini söyləyib. Xüsusilə rəqəmsal və media bacarıqlarının olması, resursların düzgün şəkildə təqdim edilməsi və hər bir kəsə ehtiyac duyduğu öyrənmə bacarıqlarının verilməsinin vacibliyini önə çəkib.

 

Rəqəmsal aləmin gerçək dünyanın ayrılmaz hissəsi olduğunu nəzərə çatdıran xanım Kitsinq növbəti nəslin bundan düzgün istifadə edə bilməsində, eləcə də bəşəriyyətin rifahı üçün düzgün faydalanmasında bugünkü nəslin məsuliyyət daşıdığını vurğulayıb: “Biz şagird və tələbələri daha da gücləndirməliyik ki, onlar gələcək dünyamızı daha yaxşı formalaşdıra bilsinlər”.

 

“Rəqəmsal dünyada müəllimlər əvvəlkindən daha əhəmiyyətli olublar”

 

Portuqaliya Təhsilinin Qiymətləndirilməsi İnstitutunun İdarə Heyətinin sədri, PISA İdarə Heyətinin Portuqaliyadakı təmsilçisi Luis Pereira dos Santos “Təhsildə rəqəmsallaşma yekun həldirmi?” sualı ətrafında təqdimatla çıxış edib. Qonaq spiker Portuqaliyada milli qiymətləndirmə sisteminin yaradılması, ölkənin beynəlxalq qiymətləndirmə proqramlarına qoşulması və müxtəlif illərdə şagirdlərinin göstərdiyi nəticələr, ölkə təhsilinin rəqəmsallaşdırılması, 2025-ci ilədək Portuqaliyada bütün imtahanların kompüter vasitəsilə keçirilməsinin nəzərdə tutulması barədə məlumat verib. Luis Pereira dos Santos bildirib ki, rəqəmsal dünyada müəllimlər əvvəlkindən daha əhəmiyyətli olublar. Spikerin fikrincə, rəqəmsal transformasiya sırf ənənəvi metodologiyanı əvəz etməklə bitmir, rəqəmsal texnologiya təhsilin inkişaf etdirilməsi və təbliğ olunmasında həqiqi bir alət olmalıdır.

 

Forumda daha sonra Zoom vasitəsilə İƏİT-in baş analitiki, Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin direktor müavini Stefan Vinsen Lankren “Rəqəmsal dünyada bacarıq və təhsil: hazırlıq”, PISA-nın baş analitiki Maryo Piaçentini “Rəqəmsal dünyada öyrənməni təkmilləşdirmək üçün qiymətləndirmədən istifadə”, ABŞ Milli Təhsil və İqtisadiyyat Mərkəzinin Baş tədqiqat üzrə Direktoru Tresi Börns “Gələcəyin məktəbi necə olmalıdır?”, İƏİT-nin Təhsil və Bacarıqlar şöbəsinin Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzində analitik Mark Fuster “Dünya dəyişir: təhsili formalaşdıran qlobal trendlər” mövzularında maraqlı təqdimatlarla çıxış ediblər.

 

Forum zamanı Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şagirdləri Allahşükür Nəbiyev, Elçin Bağırov, Yunis İbrahimlinin milli musiqi ifasının fonunda Həzrət Məmmədrzayev kubik-rubikdən hazırladığı təhsilin ulduzunu əks etdirən kompozisiya təqdim edib.Yekunda Elm və Təhsil Nazirliyinin nəzdində 3 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında Zəfər Gününə həsr edilmiş rəqs nümayiş etdirilib.

 

Azərbaycançılıq ideyasını təbliğ edən “Yeni çağırışlar”

 

Məlumat üçün vurğulayaq ki, Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsindən 2021-ci ilin yanvar ayından Cəfər Mənsiminin təqdimatında təhsil tarixində özünəməxsusluğu ilə seçilən “Yeni çağırışlar” adlı müzakirə proqramı yayımlanır. Bu günə qədər proqramda Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus,  dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan, finlandiyalı professor Pasi Sahlberg, harvardlı alim, Harvarddakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu, “edX”in yaradıcısı Anat Aqarval,  Türkiyənin ən tanınmış yazıçılarından biri, İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören, tanınmış yazıçı, psixoloq, Türkiyə və İtaliyada bestseller müəllifi Azra Kohen, Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru Con Hətti, beynəlxalq bestsellerlər müəllifi, yazıçı və yaradıcı düşüncə üzrə mütəxəssis Rod Cadkins, dünya şöhrətli professor, “marketinqin atası” Filip Kotler, Nanyanq Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Sinqapur Milli İnstitutunun direktoru, tanınmış professor Kristin Goh, “Nyu York Tayms” bestseller müəllifi, “Yaradıcı məktəblər”in həmmüəllifi, redaktor və naşir Lu Aronika,Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsün Qlobal Liderlik üzrə direktoru, yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan, TIMSS və PIRLS Beynəlxalq Təhsil Mərkəzinin icraçı direktoru, təhsildə qiymətləndirmə üzrə dünyaşöhrətli professor İna Mullis, Harvard Universitetinin tarixində ən çox tələbəsi olan kursun müəllimi, Xoşbəxtlik Araşdırmaları Akademiyasının həmtəsisçisi və baş direktoru Tal Ben Shahar, Harvard Universitetinin professoru, Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer və digərləri qonaq olublar.

 

Yeni çağırışların müzakirə edildiyi proqramda həm də Azərbaycançılıq ideyası qonaqlara təqdim edilir, ölkəmiz təbliğ olunur. Məsələn, qlobal miqyasda özünü təsdiqləmiş qonaqlara yaradıcı formada təqdim edilən Şuşa Realnı məktəbi, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi, Hüseyn Cavidin “Gülbahar”ı, NASA tərəfindən kosmosa göndərilən qızıl plastinkada yer alan Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” kompozisiyası, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si, doğma Qarabağımızın simvolu Xarı bülbül, aparıcı Cəfər Mənsiminin milli libasda qonaqları salamlaması və s. bunun bariz nümunəsidir.

 

Lamiyə ƏLİMƏRDANOVA