Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Ankara Universiteti arasında Əməkdaşlıq protokolu imzalanıb


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfəri çərçivəsində Ankara Universitetində olub, rektor, professor Necdet Ünüvarla görüşüb.

 

Görüşdə tərəflər arasında akademik və elmi mövzularda təcrübə mübadiləsini, professor-müəllim heyətinin və tələbələrin mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin və elmi görüşlərin təşkilini əhatə edən Əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib.

 

Ankara Universitetinin rektoru N.Ünüvar təhsili həyatın əsas vəzifələrindən biri kimi xarakterizə edib, “Təhsil hər şeyin başlanğıcıdır. Çünki etdiyimiz hər şey insanla bağlıdır. Ona görə də, insan yetişdirmək ən dəyərli vəzifələrdən biridir. İnşallah, Ankara Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanan protokol həm Türkiyə, həm Azərbaycan, həm də insanlıq üçün xeyirli işlər görməyə imkan verəcək”-deyə bildirib.

 

ADPU-nun rektoru C.Cəfərov isə vurğulayıb ki, Qarabağın işğaldan azad edildiyi 44 günlük müharibə nəticəsində daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı hər sahədə inkişaf etdirilməlidir:”Bu gün burada imzalayacağımız protokolun və bundan sonra görəcəyimiz işlərin həm universitetlərimizə, həm tələbələrimizə, həm ölkələrimizə, həm də bəşəriyyətə faydalı olacağına inanıram”.

 

Daha sonra rektorlar Əməkdaşlıq protokolunu imzalayıblar.