Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində növbəti görüş Hacettepe Universitetinin rəhbərliyi ilə keçirilib.

 

Əvvəlcə, heyətlərin tanışlıq görüşü olub və əməkdaşlıq imkanları müzakirə edilib. Növbəti görüşdə isə ADPU nümayəndə heyəti Hacettepe Universitetinin Təhsil fakültəsində olub, burada təlim-tədris şəraiti ilə bağlı ətraflı məlumat alıblar.

 

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorlar- dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Hacettepe Universitetindən isə rektor, professor Mehmet Cahit Guran,  prorektor, professor  Vural Gökmen və Xarici əlaqələr şöbəsinin müdiri, professor Selim Latif Sanin iştirak ediblər.

 

Görüşün sonunda rektorlar tərəfindən gələcək akademik və tələbə mübadiləsi, habelə elmi-pedaqoji əməkdaşlıq imkanlarını əhatə edən Anlaşma memorandumu imzalanıb.