Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyasının  (YAP) BMU ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

 

Əvvəlcə  YAP-ın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Sonra BMU-nun rektoru, professor Havar Məmmədov partiyanın yaranma tarixinə diqqət çəkərək, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsinin müstəqil Azərbaycan dövlətinin tarixində böyük və əsaslı dönüş nöqtəsinə çevrildiyini vurğulayıb.  Ümummilli liderin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısının qətiyyətlə alındığını, Ermənistanla atəşkəsə nail olunduğunu, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyini, liberal iqtisadiyyatın formalaşdırılmasına başlanıldığını, yeni neft strategiyasının reallaşdırıldığını vurğulayan rektor həmin dövrdə baş verən hadisələrin ətraflı şəkildə yeni nəslə aşılanmasının vacibliyini qeyd edib. Ötən 30 il müddətində hakim partiyanın şərəfli və məsuliyyətli yol qət etdiyini söyləyən rektor əlavə edib ki, partiya öz sıralarında və ətrafında cəmiyyətin bütün təbəqələrini, o cümlədən parlaq simaları, ziyalıları, gəncləri ümumi amal və ideyalar uğruna sıx birləşdirir  və Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu daim möhkəmləndirməkdədir.

 

Ulu öndərin siyasi kursuna hər zaman sadiq qalan, bu siyasəti böyük məharətlə davam etdirən YAP-ın Sədri, Prezident İlham Əliyevin əzmlə, yorulmadan dövlətin, xalqın mənafeyi naminə çalışdığını önə çəkən rektor Heydər Əliyev ideyalarının həyata keçdiyini, əzəli torpağımız olan Qarabağın 44 günlük müharibə nəticəsində düşmən tapdağından azad edildiyini xüsusi vurğulayıb. 

 

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu 30 illik yubileyin arxasında böyük siyasi tarixin dayandığını nəzərə çatdırıb. Siyasi xaos dövründə, ideoloji boşluq, vakuum şəraitində təşkilatlanan YAP-ın bu gün artıq siyasi sistemin əsas sütununa çevrildiyini deyən millət vəkili hakim partiyanın cəmiyyətimizdə müasir ideologiya və dəyərlər formalaşdırdığını söyləyib. Ulu öndərin yaratdığı partiyanın daim öz fəaliyyətində azərbaycançılıq ideologiyasını, mili maraqların təmin edilməsini rəhbər tutduğunu bildirən H.Babaoğlu Azərbaycanın dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan, ölkəmizin müstəqilliyinə böyük töhfələr verən, onun qorunmasına xidmət edən və milli gücü səfərbər edərək, dövlət maraqlarımızın qorunmasına yönləndirən böyük siyasi təşkilat olan YAP-ın, eyni zamanda qələbələr partiyası olduğunu ifadə edib.

 

Millət vəkili davam edən möhtəşəm nailiyyətlərin, zəfər və qalibiyyətin qazanılmasını şərtləndirən başlıca amilin YAP Sədri, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlı olduğunu vurğulayıb, eyni zamanda gəncləri hər zaman fəal olmağa və onları böyük siyasi xadimin yeni çağırışları ətrafında sıx birləşməyə səsləyib.

 

Abşeron rayon icra hakimiyyəti başçısınin müavini Gülnar Rəhimova toplantı iştirakçılarını yubiley münasibətilə təbrik edib, YAP-ın fəaliyyəti dövründə aparılan davamlı və uğurlu islahatların müasir və müstəqil Azərbaycanın qurulmasına, inkişafına xidmət etdiyini söyləyib. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu YAP-ın böyük uğurlara imza atdığını bildirən G. Rəhimova partiyanın xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirdiyini önə çəkib, əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

 

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də partiyanın çox mürəkkəb siyası şəraitdə meydana gəldiyini, ilk gündən indiyə qədər tutduğu mövqeyinə və siyasi kursuna sadiq qaldığını qeyd edib.

 

BMU-nun tərbiyə işləri üzrə prorektoru, BMU YAP ərazi partiya təşkilatının sədri Bayram Hüseynzadə YAP-ın keçdiyi 30 illik zəngin və şərəfli inkişaf yolundan söz açıb. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir şanlı mərhələnin başlanıldığını deyən prorektor Heydər Əliyevin ölkəmizin xilası üçün atdığı addımları sadalayıb, görkəmli şəxsiyyətin Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından böyük məharətlə çıxardığını bildirib.  Prorektor YAP-ın formalaşdığı illərdə ölkənin siyasi arenasında çoxsaylı rəqib siyasi təşkilatların da meydana gəldiyini, onların bəzilərinin vaxtilə mövcud olmuş siyasi təşkilatların adını götürdüyünü, buna baxmayaraq, ötən zaman kəsiyində onların heç birinin cəmiyyətdə nüfuz qazana bilmədiyini deyib.

 

Fəaliyyətində azərbaycançılıq ideologiyasının təşəkkülü və inkişafını hər zaman önə çəkən YAP-ın xalqın etibar və rəğbətini qazandığını, yürüdülən siyasət nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilən qüdrətli, qalib dövlət olduğunu deyən prorektor bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin və partiya Sədrinin birinci müavini Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işlərə toxunub, partiyanın nüfuzunun gündən-günə artdığını bildirib.

 

Tədbirin sonunda partiya dəyərlərinin təbliği və ictimai proseslərdə fəal iştirakına görə BMU YAP ilk ərazi təşkilatının bir qrup üzvü Fəxri fərmanla təltif olunub.