Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə  (ADNSU) “Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında görüş keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Coca-Cola” şirkəti ilə uzun müddətli əməkdaşlıq əlaqələrindən və birgə layihələrdən danışıb. Əməkdaşlıq çərçivəsində ADNSU-da tələbələr üçün SƏTƏM təlimi kurslarının və təcrübə ilə bağlı işlərin görüldüyünü deyən rektor bundan sonra da universitetlə şirkət arasında birgə işlərin miqyasının genişləndirilməsinin vacibliyinə toxunub.

 

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova şirkətin ölkəmizdə fəaliyyəti və universitetlə əməkdaşlıq əlaqələrindən danışıb. Azərbaycanda növbəti zavod üçün işlərə başlanıldığını deyən baş direktor  şirkətdə qadın mühəndislərə imkanlar yaradıldığını və istehsalatda qadın mühəndislərin sayının artırılması üçün çalışdıqlarını vurğulayıb. O, universitetlə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

 

Sonra tərəflər arasında “Qadınlar üçün Təqaüd Proqramı” layihəsi çərçivəsində Anlaşma memorandumu imzalanıb.

 

Qeyd edək ki, memoranduma əsasən, “Qadınlar üçün Təqaüd Proqramı” çərçivəsində tələbə qızlara təhsil həyatlarında dəstək göstəriləcək, liderlik bacarıq və qabiliyyətləri inkişaf etdiriləcək. Mühəndislik sahəsində şirkətdə təcrübə keçən tələbələrin burada iş imkanları da dəyərləndiriləcək.