Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli”nə həsr olunan “Şuşa- Azərbaycanın döyünən ürəyi” adlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun ictimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı genişmiqyaslı tədbirlərin təşkil olunduğunu, ADNSU-da da “Şuşa İli” çərçivəsində beynəlxalq elmi konfransların keçirildiyini bildirib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın yaranması və inkişafı tarixindən danışan professor C.Mustafayev mənfur düşmənin Şuşa şəhərini, ümumilikdə Qarabağın dağlıq hissəsini ələ keçirmək üçün illər boyu gizli və aşkar mübarizəsindən, tarixi həqiqətlərdən danışıb.

 

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Şuşa şəhərinin yaranma tarixindən, həmçinin Şuşa toponiminin etimologiyasından bəhs edib.

 

Şuşanın ədəbi-mədəni mühiti mövzusunda çıxış edən ADNSU-nun müəllimi Vəfa Abbasova bildirib ki, Şuşa Molla Pənah Vaqif, Süleyman Sani Axundov, Xurşidbanu Natəvan, Yusif Vəzir Çəmənzəminli, Üzeyir bəy Hacıbəyli, Xarrat Qulu, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov kimi  bir çox tanınmış mütəfəkkirlər, şairlər, incəsənət xadimləri yetişdirib.

 

Sonda  ADNSU tələbələrinin böyük şair Səməd Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirdiyi beş pərdəli tamaşa nümayiş olunub.