Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndərin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirdə universitet rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, ali məktəbin müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Universitet kollektivi tədbirdən öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üzərinə əklil qoyub.

 

Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanovun moderatorluğu ilə keçirilən “dəyirmi masa” Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Ulu Öndərin özünün səsləndirdiyi Səməd Vurğunun “Azərbaycan” şeiri ekranda nümayiş etdirilib, ardınca Heydər Əliyevin dəfn mərasimini əks etdirən videoçarx təqdim olunub.

 

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, gələn il müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur:”Universitetimizin Elmi Şurası noyabrın 22-də əlamətdar yubileyə həsr olunmuş geniş Tədbirlər Planını təsdiq edib. Qarşıdakı dövr ərzində onun icrası istiqamətində universitetin çoxminli kollektivinin və qonaqların iştirakı ilə müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

 

“Bu gün Ulu Öndərin ən böyük arzusu reallığa çevrilib: müstəqil Azərbaycan Respublikası postsovet məkanında öz ərazi bütövlüyünü silah gücünə, hərbi-siyasi yolla bərpa edə bilən ilk və yeganə ölkə olub. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan ləyaqətli bir dövlət kimi tanınır. Bugünkü Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi müstəqil, müasir və qüdrətli Azərbaycandır. Buna görə də bu gün Ulu Öndərin ruhu şaddır”-deyə rektor vurğulayıb.

 

Sonra Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.

 

Tədbirdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmisi Vəfadar Zeynalov anım günü ilə bağlı rayon miqyasında keçirilən tədbirlər barədə məlumat verib.

 

SABAH qruplarının III kurs tələbəsi, ADPU Təhsil Könüllüləri İctimai Birliyinin sədri Nərgiz Quluzadə Heydər Əliyevin gənclərlə bağlı yürütdüyü uzaqgörən siyasətdən, gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin  olunmasına yönəlmiş tədbirlərdən bəhs edib.

 

“Dəyirmi masa”da tarix və coğrafiya fakültəsinin tələbələri Nərmin Ələsgərova, Röya Qurbanova və Eltun Kərimovun  ifasında Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından parçalar və  Xəlil Rza Ulutürkün “Dədə Heydər - Atatürk” şeiri səsləndirilib.