Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşüb.

 

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli son illər ölkələrimiz arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını və Azərbaycan-Türkiyə birliyinin bütün dünya üçün nümunə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan sıx münasibətlər Türk dünyasının, eləcə də Türk Dövlətləri Təşkilatının dirçəlməsinə təkan verib.

 

AMEA rəhbəri vurğulayıb ki, ölkələrimiz arasında və Türk dünyasında baş verən canlanma Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın və möhkəm dostluq münasibətlərindən qaynaqlanır.

 

Bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının Türkiyənin TÜBİTAK, Türk Dil Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türkiyə Elmlər Akademiyası və digər elmi qurumları, universitetləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran akademik bildirib ki, hazırda sözügedən təşkilatlarla birgə layihələr həyata keçirilir, münasibətlərin daha da dərinləşməsi istiqamətində əməli addımlar atılır.

 

Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında olan yüksək dostluq münasibətləri Türk Dövlətləri Təşkilatının, Beynəlxalq Türk Akademiyasının, Türk Ağsaqqalları Birliyinin canlanmasına, media və digər sahələrdə əlaqələrin genişlənməsinə təkan verdi və hazırda tək millət olmağa doğru inamla irəliləyirik. “Şuşa Bəyannaməsi”ni Azərbaycan-Türkiyə münasibətlərinin “Ana yasa”sı kimi qiymətləndirən səfir bu günlərdə ordularımızın iştirakı ilə keçirilən “Qardaş yumruğu” təliminin müxtəlif qüvvələrin məkrli planlarına qarşı ən tutarlı cavab olduğunu bildirib: “Bizim üçün Azərbaycan deyəndə, axan sular durar. Bu gün ölkələrimizin qurumları arasında çox sıx münasibətlər var və bunun daha da genişlənməsinə çalışırıq”.

 

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və səfir Cahid Bağçı AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.