Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli məktəbdə yuxarı sinif şagirdləri üçün ailə mühiti və milli-mənəvi dəyərlərə həsr edilmiş seminar keçirilib.

 

Tədbirdə çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət Azərbaycan ailə modeli, onun önəmi və yetişməkdə olan nəslin bu dəyərləri mənimsəməsi ilə bağlı fikirlərini bildirib. O, uşaqların davranışlarının həm ailə  daxilində, həm cəmiyyətdə, həm də ayrıca götürdükdə məktəbdə formalaşmasında böyüklərin rolundan danışıb. Direktor qeyd edib ki, hər bir uşağın davranışları ilk olaraq ailə mühitində formalaşsa da, sonradan bu, daha çox məktəbdə inkişaf etdirilir.

 

Daha sonra çıxış edən “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə iştirakçılara mövzu ilə bağlı məlumat verib.


Qeyd edib ki, rəhbərlik etdiyi qurum QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ailə dəyərlərinə həsr edilmiş silsilə tədbirlər keçirib. Onun sözlərinə görə, layihə çərçivəsində tədbirlər başa çatsa da, mövzu ilə bağlı ictimai marağı nəzərə alaraq qurum müzakirə və maarifləndirməni davam etdirir. Seminarda iştirak edən “Bayraqdar Media” nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət ailə modeli, ailənin uşağın yetişməsində rolu, müxtəlif səbəblərdən uşaqların bəzən yaşadıqları sıxıntılarla bağlı maraqlı fikirlər səsləndirib. Bildirib ki, istənilən halda uşaqlar bədbinliyə deyil, nikbinliyə köklənməli, qarşılarına çıxan əngəlləri fürsətə çevirərək daha irəli getməyə can atmalıdırlar.
 

Seminar uşaqlar və yeniyetmələr tərəfindən maraqla qarşılanıb.