Son 1 ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elektron kitabxanasına 1000 ədəd yeni kitab yüklənib. Bununla da AzMİU-nun elektron kitabxanasındakı kitabların sayı 10 minə çatdırılıb.

 

Universitetdən bildirilib ki, elektron kitabxanadakı kitablar əsasən 3 dildə - Azərbaycan, rus və ingilis dillərindədir. Belə ki, kitablardan 4382 ədədi Azərbaycan, 2914 ədədi rus, 2302 ədədi isə ingilis dilindədir. Kitablardan təxminən 200 ədədi isə başqa dillərdədir.

 

AzMİU-da həyata keçirilən rəqəmsallaşma prosesi çərçivəsində kitabxananın elektron kataloqundakı materialların sayı da artırılaraq 37233-ə çatdırılıb. Elektron katoloqdakı materialların 33399-nu kitablar, 2751-ni magistr dissertasiyaları, 766-nı avtoreferatlar, 317-ni isə alimlik dissertasiyaları təşkil edir.

 

Elektron katoloqun genişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edən oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan yaradır. Katoloqlarda kitabların və müəlliflərin adı, eləcə də bu kimi zəruri məlumatlar yer alır. Kitablardan əlavə, digər materiallarla bağlı zəruri məlumatlar da elektron katoloqlarda yerləşdirilib.

 

Qeyd edək ki, AzMİU-nun elektron kitabxanası 2012-ci ildə qurulub. Daimi yenilənmə əsasında elektron kitabxana və katoloqdakı materialların sayı mütəmadi olaraq artırılır.